“Kəpəz”dən mesaj – “Bu söhbətin sonu olacaq!”

18 Avqust 2022 15:00 Azarkeş 1 205
“Kəpəz”dən mesaj – “Bu söhbətin sonu olacaq!”

“Kəpəz” ardıcıl ikinci məğlubiyyətini “Neftçi”dən aldı.

Rəqibin çəkisi öncədən bunu labüd edirdi. Və buna görə Qərb təmsilçisini qınamağa adamın dili gəlmir.

Heyət ortada, büdcə ortada, hazırlıq ortada.

Ortada olan bir başqa həqiqət də var – Yaşar Vahabzadə-Azarkeş qarşıdurması.

Matça damğasını vuran, haqqında daha çox danışılan da hər keçən gün bu münasibətlərin daha da alovlanmasıdır.

Qonaq azarkeşlər “Baksel Arena”nı “Yaşar istefa” şuarına qonaq etdilər. Komanda Gəncədəki minlərlə fanatın bu şuarından qaçmaq üçün Bakıya pənah gətir(li)ib. Yəni belə deyillər. Elə inandırıcı da deyirlər.

Amma unudurlar ki, bu komandanın adı “Kəpəz”dir. Tarixi, əzəməti, minlərlə tərəfdarı olan “Kəpəz”. Ölkənin bir başındakı azarkeşlərindən qaçırıb bu biri başına – Mərdəkana gətirsən də yenə fanatları olacaq. Söhbət “Səbail”dən, “Zirə”dən yox, “Kəpəz”dən gedir. Ölkənin dörd bir yanında tərəfdarı olan klub!

Sabah Qəbələdə də dünən “Baksel Arena”da olan müstəqil, sözünü deyən həqiqi “Kəpəz”liləri görəcəyik. Və yenə “Yaşar istefa” deyəcəklər. Çünki böyük çoxluq, yox, lap böyük çoxluq Gəncədə onu istəmir. Bəli, Vahabzadə getsə, komanda da hər şey düzələcək deyə bir şey də yoxdur. Həmin fanatlar da bunu yaxşı bilir. Amma Yaşar müəllimin getməsini də bildikləri həqiqətin bir parçası sayırlar.

“Neftçi” ilə matçdan sonra “Xəmsə”nin öz sosial şəbəkə hesabından paylaşdığı post da bunun növbəti əyani sübutudur.

SİTAT: “Əlimizi bir işə qoyduqsa , iş bitənədək ordayıq.
Dedik bilin.
"Məni kim təyin edib , o da apara bilər" söhbətinin də sonu olacaq!”.

Məncə, postdakı son cümlə bütün sualların cavabıdır. Və o son cümlə məni əmin etmiş oldu ki, hətta Vahabzadə qarşıdakı 5 turda möcüzə yaradıb, qələbələri sıralasa belə, qulaqları “Yaşar istefa” şuarından amanda qalmayacaq.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!