Azərbaycan millisi UEFA Millətlər Liqasının açılış oyununda məğlub oldu.
Canni de Byazinin yetirmələri Nur-Sultanda Qazaxıstana boyun əydi – 0:2.
İlk hissəni yüksək səviyyədə keçirən ölkəmizin bir nömrəli futbol komandası qol şanslarını dəyərləndirə bilməyincə, meydan sahibləri fasilədən sonra vurulan 2 qolla qələbəni rəsmiləşdirdi.
Yığmanın adəti üzrə uduzmasından sonra ölkə futbolsevərlərinin sosial şəbəkələrdəki ənənəvi etirazı gözlənilən idi.
Günahkar izinə düşənlərin hədəf axtarışı müxtəlifdir. AFFA rəhbərliyinı qınayanlar da var, günahı italiyalı çalışdırıcıda tapanlar da, suç sahibi kimi futbolçuları görənlər də.
AFFA-nın sosial media cavabdehlərinin “feysbuk”da yaratdığı “Milli komanda” səhifəsində oyunun yekun nəticəsi əks olunub ki, səhifə izləyiciləri qəzəbini yazdıqları şərhlərlə soyutmağa çalışıb.
Onlardan bir neçəsini təqdim edirik:
“Olmur da, olmur. AFFA-nın İdarə Heyəti azərbaycanlılardan təşkil olunduğu müddətdə bizim futbol məhəllə futbolundan o tərəfə getməyəcək”.
“Qəşəng, uşaqlar”.
“Qazaxıstana uduzuruqsa, hansı uğurlu nəticədən danışa bilərik? Qazaxıstana uduzmaq təhqir deməkdir. FİFA ilə danışaq, bizə icazə versin, normal 5-6 futbolçunu milliləşdirək. Bu, rüsvay olmuşlarda vətən sevgisi yoxdur. Bu heyətdə 2-3 nəfərdən başqa heç kim oynamır”.
“Azərbaycan millisi oynayanda özümə söz verirəm ki, baxmayacağam, yenə baxıram”.
“İstehsal sahəli biznes qurmaq istəyən adama hökumət 5 milyon verməz. Amma milliyə illik 45 milyon boşuna pul tökülür”.
“Fona qoyduğunuz şəkildə Mahirin mimikası var ha, bax, o, Azərbaycan futbolunun ümumi ab-havasıdır”.
“Uduzmaq üçün əcnəbi baş məşqçi lazımdır?”
HƏBİB / SPORTİNFO.AZ

