Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında ilk matçına çıxacaq.
Canni de Byazinin yetirmələri “Astana Arena”da Qazaxıstan seçməsi ilə münasibətlərinə aydınlıq gətirəcək.
Son illər uğurlu nəticələr qazanmaqda çətinlik çəkən meydan sahiblərindən bu turnirdə gözləntilər böyükdür. Slovakiya, Belarus və Azərbaycanın mübarizə apardığı qrupda azarkeşlər Qazaxıstanın uğur qazanacağına ümid edir.
Odur ki, axşamkı qarşılaşmada ev sahiblərinin tribunalardan ciddi dəstək alacağını gözləmək olar. Qazaxıstanda xeyli sayda azərbaycanlının yaşadığını nəzərə alsaq, yığmamızın da dəstəksiz qalmayacağını deyə bilərik.
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Sportinfo.az-a açıqlamasında Nur-Sultandan son məlumatları çatdırıb:
“Yerli mənbələrin verdiyi məlumata görə, oyunu 15 minə yaxın azarkeşin izləyəcəyi gözlənilir. Bu, qarışıq saydır.
Yəni aralarında Qazaxıstanda yaşayan azərbaycanlıların da olacağı dəqiqdir. Bizim vasitəmizlə stadiona gələn azarkeşlərə 50-yə yaxın bilet verilib. Müraciət edənləri biletlə təmin etmişik.
Biletlər onlayn şəkildə satışa çıxarılıb. Ona görə də millimizi hansı sayda azarkeşin dəstəkləyəcəyi ilə bağlı dəqiq say söyləmək çətindir”.
Nur-Sultan şəhərindəki “Astana Arena”da baş tutacaq Qazaxıstan – Azərbaycan qarşılaşmasa bu gün axşam saat 18:00-dastart götürəcək.
HƏBİB

