Qəbələ şəhər stadionu tarixində sayca üçüncü dəfə bu gün Azərbaycan kubokunun finalına ev sahibliyi edəcək.
Daha əvvəl "Qarabağ" - "Neftçi" (3-1), "Keşlə" (indiki "Şamaxı") - "Qəbələ" (1-0) finalları bu meydanda keçirilib.
Hər iki halda da tribunalarda finala yaraşan ajotaja şahidlik etmişik. İkinci dəfə tərəflərdən biri meydan sahibi idisə, ilk finalda ölkənin iki ən sanballı komandası qarşılaşmışdı.
Bu gün isə "Qarabağ"ın rəqibi "Zirə" olacaq. Görəsən, Qəbələdə matça maraq necədir? Əvvəlki oyunlarda olan ab-havanı görə bilərikmi? Ümumiyyətlə, yerli camaatın simpatiya bəslədiyi tərəf hansıdır?
Bütün bu suallara cavab tapmaq üçün əlaqə saxladığımız "Qəbələ"nin "Red Blak Army" azarkeş qrupunun rəhbəri Cavad Şərifli bunları dedi:
"Açığı, bizi final oyunu maraqlandırmır. Vaxtımız olsa, sadəcə oyuna baxmağa gedəcəyik. Düzünü desəm, "Qəbələ" finalda yoxdur deyə təbii olaraq yerli sakinlərin oyuna marağı yoxdur.
Az-az bilet satılır. Maraq üçün oyuna getmək istəyənlər alır. Qəbələdə yaşayıb, digər komandanı dəstəkləyənlər isə onsuz da qəbələli deyillər.
Qəbələdə yaşayan məcburi köçkünlər çoxdur. Yəqin ki, axşam stadionda "Qarabağ" azarkeşi çoxluq təşkil edəcək".
XANOĞLAN

