
“İmişli” yeni baş məşqçinin adını təqdim etdi.
Premyer Liqaya yüksələn komandaların nəticələrinə bundan sonra Xorxe Kasquilya cavabdehlik daşıyacaq.
Portuqaliyalı çalışdırıcının adı məşhurların sırasına daxil olmadığından, böyük əksəriyyət onu ciddi məşqçi kimi qəbul etmir, Azərbaycanda heç nə ilə yadda qalmayacağını düşünür.
1969 doğumlu mütəxəssis öz dövrünün tanınmış futbolçularından olub. Yalnız Portuqaliya klublarının uğurları üçün tər tökmüş səbəbkar “Mirense”, “Akademika”, “Amora”, “Fayrense”, “Espinyo” və “Jil Visente”min heyətində 500-ə yaxın oyunda meydana çıxıb. 8 il şərəfini qoruduğu “Jil Visente” ilə 6 mövsüm Portuqaliyanın yüksək liqasında top dalınca qaçıb.
37 yaşında futbolçu karyerasını başa vuraraq elə həmin il məşqçiliyə start verib. Həvəskar liqada yarışan “Santa Maria”nın başına keçib və ilk mövsümdəcə komandaya üst liqaya vəsiqə qazandırıb.
2007-ci ilin iyununda “Santa Maria”dan ayrılaraq “Valdevez”ə üz tutub, 2007/08 mövsümündə bu komandanı Portuqaliya kubokunun 1/8 finalına qədər gətirib.
Sonrakı dövrlərdə “Merelinense”, “Moreyrense”, “Leyksoeş”, “Uniao Leyra”, “Akademika Viseu”, “Uniao Madeyra”, “Jil Visente”, “Kova Pyedade”, “Trofense”, “Znoymo”nun nəticələrinə cavabdehlik daşıyan Kasquilyanın məşqçilik fəaliyyəti ilə bəzi maraqlı faktları təqdim edirik.
* Çalışdırdığı 12 komandanın 10-dan 1 ili başa vurmadan ayrılıb.
* Uzun müddət işlədiyi iki klub olub – “Moreyrense” (3 il 6 ay), “Uniao Leyra” (1 il 3 ay).
* Karyerasında ilk dəfə 55 yaşında – 2024-cü ildə Portuqaliyadan kənarda iş təcrübəsinə sahib olub (“Znoymo”, Çexiya).
* Çexiyanın aşağı dəstə təmsilçisində cəmi 6 ay duruş gətirərək, bu ilin martında oradan ayrılıb.
* İndiyə qədər çalışdırdığı komandaları 4 dəfə üst liqaya yüksəldib.
* 2014-cü ildə “Leyksoeş”in baş məşqçisi olanda, müsahibələrinin birində klubun tarixinə və imicinə zərər vuran açıqlama verdiyinə görə müqaviləsinə xitam verilib.
* Portuqaliyanın Primerasında 15, Sequndada 167, Çexiyanın III Liqasında 9 oyunda komandaları meydana çıxarıb.
* Azərbaycan Premyer Liqasında oynayan futbolçulardan Benni (Araz-Naxçıvan), Denis Marandiçi (Turan Tovuz), Paçu Lira (Kəpəz) vaxtilə Kasquilyanın rəhbərliyi altında çıxış edib.
HƏBİB / SPORTİNFO.AZ