
İyunun 17-dəki püşkatma “Sabah”ın üzünə gülmədi.
Potensial rəqiblərin arasında bəlkə də ən güclüsü – “Selye” təmsilçimizin bəxtinə düşdü.
“Şerif”, ya da Trnava “Spartak”ı ilə qarşılaşmaq bəlkə də “tələbələr”in növbəti mərhələ yolunu asanlaşdıra bilərdi.
Sloveniyanın köklü klublarından olan “Selye” ötən ilin dekabrında 105 yaşını qeyd edib. Klubun uğurları siyahısında iki ölkə çempionluğu, bir o qədər də ölkə kuboku qəniməti var. Çempionatda üç dəfə gümüş medalları qazanan “sarı-göylər” kubokun finalında doqquz dəfə məğlubiyyət acısı yaşayıb.
“Selye” tarixinin ən uğurlu dönəmi məhz son 5 ilə təsadüf etməkdədir. Komanda 2021 və 2025-ci illərdə Sloveniya kubokun finalına vəsiqə qazanıb. 2020 və 2024-cü illərdə çempionatın qızıl medalları qazanıb, 2022/2023 mövsümünü gümüş medallarla başa vurub.
Selye şəhərinin eyniadlı komandası başa çatan “futbol ili”ndə çempionatı dördüncü sırada başa vursa da, ölkə kubokunu qazandığına görə Avropa Liqasına vəsiqə qazanıb. Eynilə “Sabah” kimi.
“Sarı-göylər” özünün avrokubok tarixinin ən uğurlu ili ötən mövsüm keçirib. Avropa Liqasının üçüncü mərhələsində “Şemrok Rovers”ə uduzan sloveniyalılar Konfrans Liqasının əsas mərhələsinə yuvarlanıb.
Burada keçirdiyi 6 oyundakı göstəricilər pley-offa yüksəlməyə imkan verib – 2 qələbə, 1 heç-heçə, 3 məğlubiyyət. 1/16 final mərhələsində APOEL səddi inamla aşılıb. Doğma meydanda 2:2 hesablı bərabərliyin davamı Kiprdə 2:0-lıq qələbə ilə gəlib.
1/8-dəki rəqibin adı “Luqano” olub. “Selye” İsveçrədən olan rəqibi ilə matçlarda əzmkarlıq göstərərək sevinən tərəf olub. Sloveniyada 1:0 hesabı ilə qalib gəlib, səfərdə 4:5 hesabı ilə uduzsa da, penalti seriyasındakı dəqiq zərbələr “Sabah”ın rəqibini 1/4-ə daşıyıb.
“Fiorentina” ilə duellərdə italyanların rahat qələbə qazanacağını və asanlıqla yarımfinala yüksələcəyini düşünənlər ehtimalında yanılıb. “Bənövşəyilər” sloveniyalı azarkeşlərin gözləri qarşısında çətin qələbəyə sevinib – 2:1.
İtaliyadakı oyun isə kifayət qədər gərgin alınıb. Meydan sahibləri hesabı açsa da, “Selye” iki qol vuraraq vəziyyəti xeyrinə dəyişə bilib. Lakin qələbə hesabını qorumaq mümkün olmadığından, matç 2:2 hesabı ilə başa çatıb və “Fiorentina” yarımfinala vəsiqə qazanıb.
Komandada sistemin formalaşmasında “Liverpul”un və İspaniya millisinin sabiq üzvü Albert Rieranın böyük rolu var. Məhz onun baş məşqçi postuna gəlməsindən sonra “Selye”nin çıxışında ciddi irəliləyiş müşahidə olunmaqdadır.
“Sarı-göylər”in aparıcı qüvvəsi legionerlər hesab olunur. Hazırda Rieranın sərəncamında 15 əcnəbinin olması komandanın gücündən və imkanında xəbər verir.
Bir sözlə, “Selye” deyib keçmək olmaz. Bu rəqiblə hesablaşmaq lazımdır.
Komandalar arasındakı ilk oyun iyulun 10-da Bakıda, cavab görüşü bir həftə sonra səfərdə baş tutacaq.
HƏBİB / SPORTİNFO.AZ