COP29

Azərbaycan futbolunda BOS-un kölgəsi olmasaydı...

16 Aprel 17:00 Araşdırma 353
Azərbaycan futbolunda BOS-un kölgəsi olmasaydı...

Bakı Olimpiya Stadionu (BOS) ölkənin ən böyük arenasıdır.

Amma ölkə futbolsevərlərinin ən böyük sevgisini hələ də qazana bilmiyib.

Bunu milli komandanın və "Qarabağ"ın burada keçirilən oyunları zamanı görmüşük.

BOS-da tribunaların dolu olmasını görmək üçün Bakıya ya İtaliya millisi gəlməlidir, ya da "Çelsi", "Roma" kimi böyük klublar .

Hətta "Sportinq" kimi Avropanın ikinci dərəcəli komandaları da azarkeşlər üçün BOS-da maraqlı deyil.

Bu da səbəbsiz deyil. Futbol məbədinin yerləşdiyi yer metro stansiyalarından bir xeyli uzaqdadır. Yaxınlıqdan sərnişin daşıyan nəqliyyat vasitələri də keçmir.

Meydançanın tribunalardan çox uzaqda olmasını dərd edənlər də çoxluq təşkil edir.

Əbəs deyil ki, bu gün həm milli komanda, həm də "Qarabağ" rəsmi oyunlarını Tofiq Bəhrəmov adına Respublika stadionunda keçirir.

Bu baxımdan BOS-un mərhum hakimimizin adına olan stadiona uduzduğu ortadadır.

Amma 65 minlik tutumu olan idman qurğusunun ölkə futboluna xidməti də az deyil.

İlk əvvəl onu deyə ki, Avropa Liqası kimi nüfuzlu turnirin finalı burada keçirilib.

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində "Roma" ilə açılış oyunu da burada möhtəşəm təşkil edilib.

Bu qəbildən başqa misallar da çəkə bilərik.

Bir də BOS-un Premyer Liqa klublarına etdiyi xidmətə baxaq.

Təsəvvür edin ki, bu gün elitanın 4 komandası BOS-un ehtiyat meydançalarına möhtacdır.

Söhbət "Zirə", "Qəbələ", "Turan Tovuz" və "Araz Naxçıvan"dan gedir. Adıçəkilən klublar həftəiçi hazırlıqlarını burada keçirirlər. Biri məşqini başa vurur, digəri meydançaya ayaq basır.

Bəzən "Neftçi" komandasının da onlara qoşulduğunu görmüşük. Sadəcə "ağ qaralar" əsas meydançadan istifadə edib.

Xidmət bununla da bitmir.

Bir neçə klubun əvəzedici komandası, Birinci Liqanın bəzi klubları da zaman-zaman BOS-un xidmətinə ehtiyac duyur.

Bilirik ki, ölkəmizdə futbol üçün ciddi infrastruktur problemi var.

Təsəvvür edin ki, bu arena da bu gün olmasaydı, vəziyyət nə qədər acınacaqlı olardı.

Qısası, rəsmi oyunlar üçün heç də alverişli sayılmayan məkan, adi günlərdə ölkə futbolunun heç də az yükünü çiyinlərində daşımır.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti