Konfrans Liqasında mübarizə aparan “Qarabağ” cümə axşamı “Tvente”ni qəbul edəcək.
Ötən həftə Niderlandda baş tutan qarşılaşma ağdamlıların 1:0 hesablı qələbəsi ilə başa çatmışdı. “Qırmızılar” revanş hissi ilə Bakıya səfərə hazırlaşır.
"Tvente” ölkəmizə oyundan iki gün əvvəl, avqustun 25-də təşrif buyuracaq.
Axşam saatlarında çarter reysli təyyarə ilə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edəcək nümayəndə heyəti hava limanından birbaşa otelə yollanacaq.
Qonaqlar Bakının lüks məkanlarından sayılan “Absheron Marriott”da məskunlaşacaq.
Maraqlıdır ki, “Sabah”ın rəqibi “Hapoel Beer-Şeva”da sözügedən oteldə qalacaq. İş burasındadır ki, israillilər mehmanxananı tərk edən gün Niderland təmsilçisi otelə daxil olacaq.
Komanda üzvləri həmin gün istirahət edəcək. Avqustun 26-da isə mətbuat konfransı və açıq məşq baş tutacaq.
“Tvente”nin çalışdırıcısı Con van den Brom saat 17:15-dən etibarən oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun konfrans zalında media nümayəndələrinin suallarını cavablandıracaq.
Saat 18:00-da isə Respublika stadionunda rəqib komandanın ilk 15 dəqiqəsi jurnalistlər üçün açıq olan məşqi start götürəcək.
Avqustun 27-də keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ
