"Bugünkü gəncliyimizin “evini yıxan” internet, əyləncəli oyunlar, sosial şəbəkələrdir"

28 Fevral 2023 20:40 Araşdırma 677
"Bugünkü gəncliyimizin “evini yıxan” internet, əyləncəli oyunlar, sosial şəbəkələrdir"

Sovet dönəmində Gəncə Azərbaycan futbolu üçün saysız futbolçular yetişdirib ki, adları sadalamaqla bitməz.

Lap keçmişə boylanmadan müstəqillik dönəmində top dalınca qaçanların adlarına nəzər salanda Mehman Allahverdiyev, Vidadi Rzayev, Mahmud Qurbanov, Fazil Pərvərov, Xaliq Mərdanov, Hüseyn Məhəmmədov, İmamyar və Yadigar Süleymanov qardaşları, Faiq Cabbarov, Azər Məmmədov, Rövşən Əhmədov, Ceyhun Tanrıverdiyev, Firuz Qulami kimi ustalar göz önünə gəlir.

Təəssüf ki, 90-cı illərdən başlayaraq Gəncədə baş verən futbol tənəzzülü inkişafın qarşısını aldı və bu gün Premyer Liqada top qovan gəncəli futbolçuların sayı bir əlin barmaqları qədər deyil.

“Kəpəz”in yayda Premyer Liqaya qayıtmasından sonra şəhərdə uşaq futboluna diqqət artıb, şərait əvvəlki illərə nisbətən yaxşılaşıb. Deyilənlərə inansaq, yaxın 3-5 il ərzində “Kəpəz”in əsas heyətini yerli futbolçular təşkil edəcək.

Belə məqamda klubun əlaqələndiricisi İlham Səmədovla söhbətdə klubun uşaq futbolunun durumu ətrafındakı suallara aydınlıq gətirməyə çalışdıq.

- Bu gün “Kəpəz”in uşaq futbolunda ümumi vəziyyət necədir?

- “Kəpəz”in aşağı yaş qruplarından U-9-dan U-19-a qədər ümumilikdə 10 komanda mövcuddur. Əlavə olaraq da bir qız komandası və 8 yaşa qədər uşaqlardan ibarət qeyri-rəsmi komanda var. Keçmiş futbolçu, Qarabağ qazisi Talıb Rzayev həmin komandanı çalışdırır. Komandalarda 28 nəfər çalışır. Bunlardan 20 nəfər məşqçidir, 4 nəfər qapıçılar üzrə məşqçi, 2 inzibatçı və 2 həkim. Hamısı da futbol oynamış məşqçilərdir. Dediyim yaş qrupları üzrə komandalarda ortalama 220 uşaq futbolla məşğul olur. Şükürlər olsun, sistemi qurmuşuq, islərimiz plan üzrə gedir.

- Gəncədəki şəraitin ürəkaçan olmadığını görmək üçün stadionunun ərazisinə göz gəzdirmək kifayət edir. Nə kimi çətinlikləriniz var?

- Bu gün bizi ən çox narahat edən meydançaların olmamasıdır. Bu gün bütün aşağı yaş qruplarından ibarət komandalar, üstəlik, əsas və əvəzedici komanda bir süni örtüklü meydana sığınıb. Bu da sıxlığın yaranmasına səbəb olur. Allahın izni ilə yaxın 1-2 ay ərzində stadionun ərazisindəki AFFA-nın inşa etdirdiyi təbii örtüklü iki meydanın istifadəyə veriləcəyi gözlənilir. Bəzən elə alınır ki, əsas komanda gündə iki dəfə məşq etməli olur. Belədə işimiz lap çətinləşir.

- Aşağı yaş qruplarından ibarət 10 komanda, 1 qız komandası, əlavə 8 yaşa qədər uşaqlar, üstəlik, əsas və əvəzedici komanda. 14 komandanın bir meydandan yararlanması qeyri-mümkün görünür axı.

- Bir təhər edirik də. Məşqçilər vəziyyəti başa düşür deyə, bir-birini yola verirlər. Çıxılmaz vəziyyət yarananda ya məşqin vaxtını azaltmaq məcburiyyətində qalırıq, ya da aşağı yaş qruplarından ibarət komandalar meydanı hissələrə bölərək 2-3-ü eyni saatda məşq edir. Üst yaş qrupları daha çox taktiki-texniki məşqlər etdiyindən onlara meydan tam şəkildə lazım olur. Klubun rəhbəri İlqar Nadiri ilə bir neçə gün əvvəl söhbətimiz oldu. Çox güman, süni meydan üçün işıqlandırma sistemi quraşdırılacaq. Belə olacağı halda işimiz rahatlaşacaq. Çünki hava qaralandan sonra da məşq etmək mümkün olacaq.

- Sizcə, bu şəraitdə futbolçu yetişər?

- Əlbəttə, çox çətindir. Amma bir şeyi unutmamalıyıq. Hamımızın yaxşı tanıdığı Azər Məmmədov, Rövşən Əhmədov, Xaliq Mərdanov kimi futbolçular asfaltın üstündə futbol oynayıb, yetişib, öyrənib. Onların dönəmindəki şərait heç də indikindən yaxşı deyildi. İdmançının üstünlüyü nədir? Əziyyət çəkməyi bacarır, güc sərf edir. Bu gün şərait əla deyil deyə, futbolu kənara atmaq doğru olmaz. Məşqçilərdə tələbkarlıq olandan sonra hər bir şəraitdə idmançı yetişər. Sadəcə, iş düzgün qurulmalıdır.

- Gənc nəsil futbolçular sanki rahatlığa öyrəşib, əziyyət çəkməklə araları yoxdur.

- Tək rahatlıqla bağlı deyil. Özüm şəxsən görürəm, əksəriyyəti məşqin tez başa çatmasını gözləyir ki, tez evə qaçım. Evə gedən kimi də paltarlarını soyunub atır, yemək istəyir və “yapışır” telefondan. Çoxu anlamır ki, telefonu, əyləncəni indidən qurban verməsən, istəyinə çatmayacaqsan.

- Klub olaraq futbolçulara nəzarət sistemi formalaşdırmısız və ya, bu, mümkündürmü?

- Futbolçudur, məşqə gəlib-getdi, evdə nə etdiyini bilmirik. Ona valideyn nəzarət etməlidir. Ayrı-ayrılıqda nəzarət etmək imkanımız olmasa da, ümumi formada diqqətdə saxlayırıq. Bugünkü gəncliyimizin “evini yıxan” internet, əyləncəli oyunlar, sosial şəbəkələrdir. Vəziyyətin bu cür olması bizim də, məşqçilərin işini də xeyli çətinləşdirir.

- Vaxtilə ölkəyə futbolçu “istehsal edən” Gəncədə onillərdir futbolçu yetişmir. Bugünkü “Kəpəz”də yaxın 3-5 il üçün xoş gələcək vəd edən futbolçular var?

- Azərbaycanın istənilən bölgəsində futbolçular 13-14 yaşına qədər arzulanan plan üzrə gəlir. Müəyyən yaşa çatandan sonra dediyim sosial şəbəkələrin, əyləncəli oyunların, qısası, internetin qurbanına çevrilirlər. 30-40 il əvvəlki şəraitlə indiki şərait arasında yerlə göy qədər fərq var. Sover dövründə top tapılmırdı, inventar yox dərəcəsində idi. İndi maşallah, hər cür şərait və imkan var. Amma baxırsan, elə istedadlar məhv olub gedir ki... Bu gün U-16 millisində “Kəpəz”dən iki futbolçu var – Hüseyn Məmmədovla Nihad İsaqov. Bu cür uşaqlarımız var. Digərləri də bir az can yandırsa, milli səviyyəsinə qədər yüksələ bilərlər. Xoş gələcək vəd edən uşaqlarımızın sayı kifayət qədərdir. İntizama və davamiyyətə əməl etsələr, onları ən qısa zamanda “Kəpəz”in əsas komandasında görə bilərik. Hər şey öz əllərindədir. Futbolçu düzgün yetişməyəndə özü ilə yanaşı məşqçisi ilə valideyninin də günahı olur. Ona görə də hamı üzərinə düşən məsuliyyəti dərk etməlidir.

Həbib Aslanov

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti