Son zamanlar Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi istiqamətində fəallığını artırmağa çalışır.
Yaxın günlərdə bu ölkənin XİN rəhbəri Sergey Lavrov Bakıya səfər edəcək.
Bu fonda Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib ki, Bakı ilə İrəvan arasında sülhə gedən yolda çoxlu maneə mövcuddur:
"Rusiya üçtərəfli razılaşmalar kompleksinə əsaslanaraq ölkələr arasında münasibətlərin normallaşdırılması üçün məqsədyönlü səylər göstərir. Rusiyanın vasitəçiliyinin məqsədi konstruktiv və mənalı dialoqu təmin etməkdir. Moskva həmçinin sülh prosesinin əsas prinsipləri və parametrləri ilə bağlı öz fikirlərini tərəfdaşlarına çatdırıb”.
Aydın məsələdir ki, Azərbaycanla Ermənistan arasında sülhə gedən yolda müəyyən maneələr var. Belə olmasaydı, çoxdan sülhə nail olmaq mümkün olardı. Rusiya rəsmisinin bu açıqlaması ilk növbədə onu göstərir ki, Moskva sülh prosesinin reallaşması yolunda maneələrin olduğunu etiraf edir. Lakin bunu etiraf etsələr də, həmin maneələrin nədən ibarət olduğunu nədənsə bəyan etmirlər.
Qaluzin də prosesdə maneələrin olduğunu deyib, amma bu zaman heç bir konkret ünvan göstərməyib. Moskva ola bilsin ki, danışıq aparan tərəfləri qıcıqlandırmamaq, özünün prosesdə bitərəf mövqe sərgilədiyini nümayiş etdirmək üçün bu məsələyə mane olan tərəfin adını açıqlamır. Məsələ ondadır ki, Rusiyanın prosesə maneə olanlar arasında danışıq aparan tərəflərdən hər hansı birinin və yaxud elə ikisinin də adını çəkməsi onların Kremlə olan ümidləri tamamilə puç edə bilər.
Digər tərəfdən, aydın məsələdir ki, Rusiya rəsmiləri sülhə gedən yolda çoxlu maneələrin olduğunu deyərkən, böyük ehtimalla Qərbi, Brüssel formatını nəzərdə tuturlar. Belə ki, prosesdə Qərbin də iştirakı Moskvanın maraqlarına cavab vermir. Xüsusən də Qərblə Rusiya arasında olduqca gərgin vəziyyətin mövcud olduğu indiki zamanda. Hazırkı şəraitdə düşmən mövqeyində olan Qərblə Rusiya bir-birini nüfuzdan salmaq, mövqelərini zəiflətmək üçün ələ keçən hər bir fürsətdən yararlanmağa çalışırlar.
Bu mənada konkret ad çəkmədən danışan Rusiya XİN rəsmisinin yuxarıda qeyd edilən fikri sözsüz ki, Qərbi ittiham etməyə hesablanmış addımdır. Digər tərəfdən, ola bilsin ki, Qaluzin sülh səylərinin nəticə verməyəcəyi təqdirdə Rusiyanı təmizə çıxarmaq, günahı başqalarının üzərinə atmaq üçün adıçəkilən bəyanatı səsləndirib.
Rüfət Sultan

