“Qarabağ” 3 aylıq fasilədən sonra bu gün avrokuboklarda mübarizəni qaldığı yerdən davam edəcək.
Komanda Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında Belçikanın “Gent” kollektivini qəbul edəcək.
Püşk bəxtimizə belçikalıları çıxaranda çoxumuz sevinmişdik. Düşünürdük ki, ağdamlılar bu cütdən qalib kimi ayrıla bilər. Amma bu gün həmin inam öz yerini narahatlıqla əvəz edib.
Səbəb son iki ayda kollektivin ciddi dəyişikliyə məruz qalmasıdır. Kadi Borges və Kvabena Ovusu kimi lider futbolçular “Köhlən atlar”ı tərk ediblər.
Bunlar azmış kimi, qış təlim-məşq toplanışında təmsilçimizin digər aparıcı futbolçusu Şahruddin Məhəmmədəliyev ciddi zədə aldı. Qolu sınan qolkiper də axşam meydanda ola bilməyəcək. Stabil olmasa da, əksər vaxt möhtəşəm seyvləri ilə yadda qalan “Şah”ın yoxluğu “Gent”lə oyunlar öncəsi hər kəsi narahat edən əsas məqamdır.
Təcrübəli çərçivə qoruyucusunu isə 20 yaşı yenicə tamam olan Amin Ramazanovun əvəz edəcəyi ehtimal olunur. Çünki son qarşılaşmalarda baş məşqçi Qurban Qurbanov bir qayda olaraq ona güvənirdi.
Ramazanovla bağlı narahatlıq başadüşüləndir. Ancaq onu da unutmaq olmaz ki, oxşar stuasiyalarda parlaq çıxışla yadda qalan qapıçılar da az olmayıb.
Çox uzağa getməyə də ehtiyaca yoxdur. Elə yaxın keçmişdə Azərbaycan millisində oxşar hadisə yaşanıb.
Belə ki, 2001-ci ilin iyun ayında milli komandamızın “bir nömrəsi” Dimitri Kramerenko zədə, ya da cəza səbəbindən Slovakiya ilə Bakıda baş tutan oyunu buraxmalı olmuşdu.
Hər kəsi fikir götürmüşdü ki, bəs qapını 21 yaşlı gənc Cahangir Həsənzadə qoruyacaq. Amma Həsənzadə karyerasının ən yaxşı oyunun məhz həmin gün keçirdi.
Onun çox sayda əla seyvləri sayəsində milli komandamız güclü rəqibini 2:0 udmaqla tək-tük qələbələrimizdən birini qazanmış oldu.
Millimizin sabiq qolkiperi həmin günlərə qayıdıb, yaşadığı təcrübəni bizimlə bölüşüb və vacib görüş öncəsi Aminə öz məsləhətlərin verib.
O, ilk öncə haqqında danışdığımız məlum oyundan əvvələ qayıdıb:
“Açığı, həmin görüşdə iştirakımı matça bir neçə saat qalmış bilmişdim. Təxminən nahar zamanı axşamkı oyunda iştirak edəcəyim deyilmişdi. Səmimi danışası olsaq, o qədər də zamanım olmadı ki, məsuliyyəti tam anlayaraq yükün altına girim. Bəlkə də bu amil mənim köməyimə çatmışdı. Bir gün öncə U21 millimizin qapısın qorumuşdum. Və hesab 0-0 bitmişdi. Sanki həmin qarşılaşmanın davamı növbəti gün gəldi. Əslində oyundan sonra daha çox həyəcanlı idim. Çünki nəticədən sonra anladıq ki, milli formasında qələbə qazanmaq, uğurlu çıxış etmək nə deməkdir”.
Veteran qapıçı oynayacağını gec xəbər alsa da, qarşılaşmadan əvvəl baş məşqçi ilə söhbət etməyə imkan tapa bilib:
“Baş məşqçi ilə təklikdə söhbətimiz oldu. Oyuna hazır olub-olmadığımı soruşdu. Mən də bildirim ki, qapıçıyam, əlimdən başqa iş gələsi deyil ki... (gülür). Oynamaq lazımdırsa, bu baxımdan məndə heç bir sıxıntı yoxdur. Özümü hazır hiss edirdim. Oyunun gedişatı da bunu göstərdi. Oyunum alındıqca da davamını gətirirdim. Hesab da mənim yaxşı çıxış etməyimə kömək edirdi. Buraxılacaq bir qol bəlkə də mənfi məcraya yol aça bilərdi. Amma etdiyim hər uğurlu cəhd məni daha da ruhlandırırdı. Sözsüz ki, komanda yoldaşlarımın dəstəyini azaltmaq qətiyyən olmaz. Çünki bütün komanda həm oyundan öncə, həm də oyunun gedişində dəstəyini məndən əsirgəməmişdi”.
İndi oxşar mənzərə “Gent”lə oyun öncəsi “Qarabağ”da Amin Ramazanov üçün yaranıb. Görəsən, eyni qəhrəmanlıq da baş tuta bilərmi? Həsənzadəni dinləyək:
“Belə bir müqayisə mənim üçün xoş oldu. Oynayacağı halda Aminin üzərinə böyük yük düşəcək. Yaşını və beynəlxalq oyun təcrübəsizliyini nəzərə alaraq anlayırıq ki, o qədər də asan işi olmayacaq. Amma qapıçı mövqeyi fərqlidir. Qapıçı hər an oynamağa hazır olmalıdır. Çünki hər zaman biri meydanda olursa, digərləri kənarda qalır. Bu baxımdan sıxıntı yaşayacağını düşünmürəm.”
Cahangir Həsənzadə Aminin indi yaşadıqlarını 22 il əvvəl yaşayıb. Və əlinə düşən ilk fürsətdəncə uğurla yararlanmağı bacarıb. 43 yaşlı veteren qapıçı Ramazanovun da uğurlu olması üçün öz məsləhətlərini əsirgəməyib:
“Belə məqamlarda məsləhət vermək ən asan işdi. Ancaq nə qədər faydalı olacağı sual altındadır. Ən vacib məsələ odur ki, soyuqqanlı olmalıdır. Məncə, məşqçilər heyəti bu barədə onunla yetəri qədər söhbət edirlər. Özünü də yaxından tanıyıram. Keyfiyyətli biridir. Ona görə də düşünürəm ki, oyunda üzərinə düşən işin öhdəsindən gələ biləcək.
Bəli, hər hansı texniki səhv etmək ehtimalı var. Amma buna görə üzərinə getməmək lazımdır. Oyun 90 dəqiqədir. Zənnimcə, bir qapıçı üçün atılan mühüm addım olacaq. Müqayisə apardığınız kimi, məhz mən də Azərbaycan millisində oyunlarımı belə bir görüşdən sonra sıralamağa başladım. Bir növ ilk fürsətdə etibar qazandım. Düşünürəm ki, Amin də həmin etibara layiqli qapıçıdır və onu qazanacaq”.
XANOĞLAN İMANOV
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

