Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Milli Məclisdə Azərbaycanda mediaya verilən maddi yardımların vergilərdən azad edilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, audiovizual media subyektləri istisna olmaqla, media subyektləri öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri, habelə onlara müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımlar gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilə bilər.
Layihə qəbul edilərsə, qanun 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq.
Bəs yeni dəyişikliklərin əhəmiyyəti nədir? Layihənin qəbulu mətbuatda hansı müsbət dəyişikliklərə səbəb olacaq?
Media eksperti, Mətbuat Şurası İH üzvü Müşfiq Ələsgərli bildirib ki, Azərbaycanda peşəkar media uzun müddətdir ki, sosial mediaya ilə ədalətsiz rəqabət mühitində yaşayır. Sosial şəbəkələr üzərindən verilən reklamlar, elanlar və digər fəaliyyətdən əldə olunan gəlirlər həmin şəbəkələrin adminlərinə, yəni Azərbaycandan xaricdə olan kənar mənbələrə gedir: “Beynəlxalq investorlar öz investisiyalarını daha çox sosial medianın inkişafına yönəldirlər. Amma peşəkar media son illər bu cür investisiyalardan kənar qalır. Bu isə ortalıqda sosial media ilə peşəkar media arasında ədalətsiz bir rəqabət mühiti yaradır. Bu baxımdan uzun müddətdir ki, media ekspertləri Azərbaycanda peşəkar media subyektlərinə müəyyən güzəştlərin tətbiq edilməsi ilə bağlı təkliflər verirdilər. Bu təkliflər peşəkar medianın bu ədalətsiz rəqabət mühitində dayanıqlığını və maddi imkanlarını möhkəmləndirməyə yönəlib”.

Media ekspertinin sözlərinə görə, media məkanının özündə mövcud olan xaotik durum, yalançı kəmiyyət çoxluğu bu cür sosial proqramların həyata keçirilməsinə imkan vermirdi. Media Reyestrinin işə düşməsi bu sektordakı xaotik durumu aradan qaldırır. Peşəkar media ilə yalançı KİV arasında sərhədlərin müəyyən olunması dövlətə peşəkar media qurumları üçün müəyyən güzəştlər tətbiq etməyə imkan yaradacaq.
M. Ələsgərli əlavə edib ki, peşəkar medianın maliyyə mənbələrinin inkişaf etməsi, paralel olaraq peşəkar jurnalistika ilə məşğul olan şəxslərin də sosial durumlarının yaxşılaşdırılmasına, peşəkar media məkanının inkişaf etməsinə təkan verəcək: “Hazırda Milli Məclisdə MEDİA tərəfindən verilən təşəbbüs əsasında müzakirə olunan onlayn və çap mediası üçün nəzərdə tutulan yardımların və digər gəlirlərin vergidən azad edilməsi məsələsi peşəkar KİV-lər üçün ciddi mənbə rolunu oynayacaq. Bu, dövlət büdcəsinə böyük bir ağırlıq gətirmir. Belə ki, onlayn və çap mediası ümumi dövriyyədən və ya reklamlardan dövlət büdcəsinə illik vergi ödəyir. Bu cür ödənişlərin ümumi məbləği 10 milyon manatdır. Güzəştlər nəticəsində bu 10 milyon manat dövlətə ödənilməyəcək. Bu məbləğ KİV-lər üçün çox böyük rəqəmdir. Dövlət büdcəsinə xüsusi ziyan vurmadan peşəkar KİV-lərin gəlirlərin artmasında böyük rol oynayacaq. Nəticədə informasiya məkanımız, bütövlükdə cəmiyyətimiz bundan uduş əldə edəcək”.
.jpg)
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov da APA-ya müsahibəsində bildirib ki, Agentlik ölkənin media subyektlərinin biznes modelinə keçidinin təmin edilməsi məqsədilə media subyektləri, jurnalistlər və ekspertlərlə çoxsaylı görüşlər keçirərək müxtəlif təkliflər alıb: “Bütün rəy və təkliflər təhlil edilərək sistemləşdirildikdən sonra Agentlik hazırladığı inkişaf konsepsiyasının müddəalarının müzakirəsi məqsədilə aidiyyəti dövlət orqanlarına müraciət edib. MEDİA Agentliyi və aidiyyəti dövlət orqanları tərəfindən aparılmış araşdırmalara uyğun olaraq, media subyektlərinin vergiyə cəlb olunmasının təkmilləşdirilməsi, bu istiqamətdə daxili bazarın qorunması və rəqabətədavamlı milli media məhsullarının istehsalının stimullaşdırılması məqsədilə sahəyə tətbiq olunan vergi güzəştlərinin səmərəliliyinin artırılmasına zərurət yarandığı müəyyən edilib. İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyinin dəstəyi ilə hazırlanan layihə media sahəsində reklam gəlirlərinin leqallaşdırılması, reklam bazarının həcminin artırılması və canlandırılması ilə media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsinə imkan yaradacaq”.
O da qeyd edib ki, ilkin hesablamalara görə, burada 10 milyon manata yaxın güzəştdən söhbət gedir.
Vergi Məcəlləsinə təklif olunan dəyişiklik Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılıb. Layihənin qeyd hissəsində əsaslandırılıb ki, “Media haqqında” qanunun 4-cü maddəsində medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini stimullaşdırması nəzərdə tutulur.

