“Asfaltın üstündə oynayırlar, bu, günahdır” - Bölgə futbolunun parlaq gələcəyi haqda

27 Yanvar 2023 19:40 Araşdırma 590
“Asfaltın üstündə oynayırlar, bu, günahdır” - Bölgə futbolunun parlaq gələcəyi haqda

“Turan Tovuz”un Premyer Liqaya qayıtması təkcə futbol azarkeşlərini sevindirmədi.

Bu, həm də futbolun sirlərinə yiyələnən gənc və yeniyetmələr, eləcə də onların valideynləri üçün xoş oldu.

Dünənə qədər qərb bölgəsində uşaq futbolunun inkişafına qəpik-quruş ayrılırdısa, artıq maliyyə də yaxşılaşıb, üstəlik, gələcəyin futbolçuları üçün müasir standartlara cavab verən akademiya istifadəyə verilib.

Maraqlıdır, vəziyyətin yaxşıya doğru dəyişməsi Tovuzdakı yeniyetmələrin futbola marağını artırıb? Gələcək adına sevindirici hallar müşahidə olunur? Ümumi vəziyyət necədir?

35 yaşlı qapıçı Premyer Liqada klubunu dəyişdi

Suallarımıza cavab tapmaq üçün Tovuz Futbol Akademiyasının qapıçılar üzrə əlaqələndiricisi Nizami Sadıqov və əlaqələndirici köməkçisi, eləcə də U-19 komandasının baş məşqçisi Eltay Aslanovla söhbətləşdik.

- “Turan Tovuz”un Premyer Liqaya qayıtması, yəni büdcənin artması uşaq futbolunun inkişafına nə dərəcədə kömək etməkdədir?

- N.S. Əlbəttə, edir. Həm də bu, aşkar şəkildə görünür. İnkişaf öz yerində, artıq uşaqların özlərində də stimul yaranıb. Uşaqların seçimləri, məşq prosesləri, qidalanma, məskunlaşma – ötən illərlə müqayisədə bu gün akademiyanın işində ciddi irəliləyiş hiss olunmaqdadır.

- Uşaq futbolunun inkişafında da maliyyə böyük rol oynayır?

- N.S. Tək futbolda yox, istənilən sahənin inkişafında pul vacib amildir. Amma elə şeylər də var ki, nə qədər pul xərcləyirsən xərclə, xeyri yoxdur. Məsələn, uşağın anadangəlmə talantı olmalıdır. Bu, yoxdursa, nə edirsə et, faydası olmayacaq. Pul, şəraitin yaxşılaşdırılması üçün yaxşıdır. Akademiya, yataqxana, qidalanma, geyim, nəqliyyat, məşq proseslərinin təşkili, inventarlar – bunlar üçün vəsait tələb olunur. Bu gün Tovuzdakı akademiya şəraitinə görə ölkədə ən yaxşılardandır. Uşaq futbolunun inkişafı üçün lazım olan şərait yaradılıb. Üzərimizə düşən iş bundan maksimum yararlanmaqdır. Ki, perspektivli uşaqları qazanaq, onları itirməyək.

35 yaşlı qapıçı Premyer Liqada klubunu dəyişdi

- Baxıram, bütün yaş qrupları süni örtükdə məşq edir, oynayır. Bu, inkişafa nə dərəcədə mane olur? İşinizə nə dərəcədə əngəl törədir?

- E.A. Əlbəttə, hər kəsin arzusu təbii örtüklərin olması və çoxluq təşkil etməsidir. Amma bu gün reallıqla barışmaq məcburiyyətindəyik. Diqqətimizi süni örtüyə yox, bu vəziyyətdə uşaqları necə inkişaf etdirməyə, yaradılan şəraitdən maksimum necə yararlanmağa yönəltmişik. Təbii, “sintetika” futbolçularda zədələrə səbəb olur. Xüsusən dizin alt hissəsində şiş əmələ gəlir ki, bu da sonradan öz fəsadlarını göstərir. Bu gün əksər futbolçular bundan əziyyət çəkir. Sağ olsun həkimlərimiz, lazımi anda müdaxilə etməklə problemin qarşısını alırlar.

- Ölkənin bütün şəhər və rayonlarında aşağı yaş qrupları süni örtükdə oynayır?

- E.A. Təəssüf ki, dediyiniz kimidir. Bir “Qəbələ”ni çıxmaq şərti ilə hər yerdə süni örtükdür. Həm məşqlər, həm də çempionat oyunları “sintetika”da keçilir. Bəzi stadionlarda süni örtük olsa da, vəziyyət normaldır. Amma elə stadionlar da var ki, uşaqlar sanki asfaltın üstündə oynayır. Abşeronda “İsgəndər Cavadov Futbol Akademiyası”nda uşaq asfaltın üstündə qaçır. Orada futbol oynamaq günahdır. Köhnə “Neftçi” baza da həmin vəziyyətdə idi. Şükürlər olsun, artıq ora yoxdur. “Qaradağ Lökbatan”ın meydanı da həmçinin. Çox istərdik ki, həmin meydançaların örtükləri yaxşı vəziyyətə gətirilsin.

35 yaşlı qapıçı Premyer Liqada klubunu dəyişdi

- Ölkənin sayılıb-seçilən qapıçılarından olmusuz, millinin “çərçivəsini” qorumusuz. Ölkədə səviyyəli qapıçı çatışmazlığını nəzərə alsaq, hazırkı gənc və yeniyetmə əlcək sahiblərinin inkişafı və vəziyyəti sizi nə dərəcədə razı salır?

- N.S. Tapdığımız uşaqları maksimum dərəcədə inkişaf etdirməyə çalışırıq ki, gələcəyə ümidlə baxaq, onlardan nəsə gözləyək. Şükürlər olsun, bu baxımdan vəziyyət günbəgün yaxşıya doğru dəyişir. Bu gün 16-17 yaşlı qapıçılarımız arasında millilərə dəvət olunanlar var. Ayxan Abbaszadə ilə Ümid Cəfərov xoş gələcək vəd edir. Biri 2006 doğumludur, digəri 2007. Ayxanın 16 yaşı olmasına baxmayaraq, U-19 komandamıza da cəlb olunur. Ümid U-17-nin futbolçusudur, U-19-da dayanır və artıq əvəzedici komanda ilə müqavilə bağlayıb. Onların arxasınca Dəniz adlı perspektivli gənc də gəlir. Bu gün akademiyada 20-yə yaxın qapıçı futbolla məşğul olur. Sizə deyim ki, gələcəyimiz olduqca xoş görünür.

- U-19 komandasını çalışdırırsız ki, hazırda rəhbərliyiniz altında top qovan futbolçular keçid dövrünü yaşayır. Onların yolunu azmaması, pis vərdişlərə meyl salmamaları üçün hansı vasitələrdən istifadə edirsiz?

- E.A. Uşaqların hərəsi bir evdən gəlir və hərəsi bir cür tərbiyə olunur. Buna baxmayaraq, biz yenə də maarifləndirmə işləri aparırıq. Doğru yoldan çıxmamaq üçün onlarla mütəmadi söhbətlər edir, pis vərdişlərin hansı fəsadlara yol açdığını başa salırıq. Hər zaman dediyimiz söz var, yaxşı futbolçu ola bilərsiz, amma insanların yadında şəxsiyyət kimi qalmaq çox vacibdir. Hər istedadlı oyunçu şəxsiyyət olmağı bacarmır. Bunun üçün savadlı olmalı, təhsil almalı, pis vərdişlərdən uzaqda durmalısan. Elə yaş dövründədilər ki, biri ali məktəbə daxil olacaq, digəri hərbi xidmətə yollanacaq, bir başqası milli komandaya yollanacaq. Bunların hər birində tərbiyə və davranış önəmlidir. Şəxsiyyət dediyimiz vətən sözünün mənası bilməli, bayrağımızı uca tutmaq haqda düşünməli, harada nə danışdığına, özünü necə apardığına fikir verməlidir.

35 yaşlı qapıçı Premyer Liqada klubunu dəyişdi

- Gənc və yeniyetmələrin böyük futbolçu ola bilməməsində valideynlər nə dərəcədə rol oynayır?

- N.S. Tək idmançıların yox, istənilən insanın keçid dövrü olur. Bu, ən çətin və məsuliyyətli dönəmdir. Uşaq həmin dönəmi adlaya bildisə, valideynin də işi asanlaşır. Bunun üçün valideynlər övladları ilə daim maraqlanmalı, mütəmadi söhbətlər etməli, yeri gələndə nələrisə nümunə göstərməlidir. Akademiyanın məşqçi heyəti valideynlərlə mütəmadi görüşlər keçirir, onlara övladları haqda məlumat və tövsiyələr verir. Akademiyada futbol oynamağı bacarmaqdan öndə duran şərt buradakı qayda-qanunlara riayət etməkdir. Az öncə Eltay müəllimin də dediyi kimi, ilk növbədə dürüst olmağı bacarmalı, sağlam ruhda böyüyüb vətəninə, millətinə yararlı olmalıdırlar. Bunu bizimlə yanaşı valideynlərin etməsi də vacibdir. Sevindirici hal odur ki, çox yaxşı nəsil yetişir və əminəm ki, insan və futbolçu kimi nümunəvi adlar görəcəyik.

- Vaxtilə ölkə üçün futbolçu “istehsal” edən Tovuzun əsas komandasında oynayanların 90 faizi digər şəhər və rayonlardan gələn yerlilər və legionerlərdir. “Turan Tovuz”un tam “Tovuzlaşması” üçün neçə il lazımdır?

- E.A. Artıq millilərin heyətində tovuzlu futbolçuların sayı artan tempdə davam edir. Fikrimcə, növbəti mövsümdə hazırda əvəzedici və U-19 komandamızda top qovan yerli uşaqlardan 2-3 nəfər əsas komandanın məşqlərinə cəlb olunacaq. Kifayət qədər bacarıqlı gənclərimiz var. Onları böyük futbola qazandırmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. İndiki vəziyyətə baxaraq deyə bilərəm ki, 3-4 ildən sonra “Turan Tovuz”un əsasını akademiyada yetişən tovuzlu futbolçular təşkil edəcək.

35 yaşlı qapıçı Premyer Liqada klubunu dəyişdi

- Hazırda akademiyada neçə məşqçi çalışır və neçə futbolçu var?

- E.A. 10 yaş qrupu üzrə 220 uşaq var, 18 məşqçi. Elə komandalar var ki, 18-20 futbolçuya sahibdir, eləsi də var 25 futbolçu ilə məşq edir. Ortalama götürəndə hər komandada 22 uşaq var. Əlavə olaraq çempionatda iştirak edən iki komandamız da var ki, digərlərindən nisbətən geri qalanlar “artırmaq” üçün orada çıxış edir. Şükürlər olsun, həmin komandalardakı uşaqlar da günü-gündən inkişaf edir, itib-batmırlar.

- Bazada akademiyanın neçə uşağı məskunlaşıb?

- N.S. 30 nəfər. Digər rayon və şəhərlərdən gələnlərlə yanaşı Tovuzun kəndlərindən olan futbolçular da var. Hansı ki, hər gün gedib-gəlməyə imkanları yoxdur. Qidalanma, məskunlaşma, asudə vaxtlarının səmərəli keçməsi üçün lazımi şərait yaradılıb. Hətta məktəbə də gedirlər, təhsillərini mütəmadi davam etdirirlər. Məşqlərin vaxtını elə təyin etmişik ki, bu, onların təhsilinə, hazırlığına və istirahətinə mane olmasın.

Həbib Aslanov

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti