"Mənə deyilir ki, filan matçda qəsdən zəif oyna, yaxud öz qapına qol vur"

21 Yanvar 2023 00:40 Araşdırma 961
"Mənə deyilir ki, filan matçda qəsdən zəif oyna, yaxud öz qapına qol vur"

"Danışılmış oyunlar UEFA üçün çox ciddi və həssas məsələdir".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında idman hüquqşünası Fərid Haqverdiyev I Divizionda çıxış edən MOİK-in futbolçuları Emin Mehtiyevlə Fərmayıl Əliyevin danışılmış oyunlarda iştiraka görə ömürlük diskvalifikasiya olunmaları barədə danışarkən deyib.

O bildirib ki, Avropa futbol qurumunun mövqeyinə görə, şəxsə hansısa oyunun nəticəsinin dəyişdirilməsi barədə təklif eşitdirilsə, onun qohumlarına və ya özünə deyilsə, bu əməldə iştirak etməsə belə, hökmən rəsmi şəxslərə, qaynar xəttə məlumat verməlidir:

"Məsələn, mənə deyilir ki, filan matçda qəsdən zəif oyna, yaxud öz qapına qol vur. Bu təklifi qəbul etməsəm belə, hökmən məlumat verməliyəm.

Əks halda təklifi qəbul etmiş sayılıram. Digər məsələ isə bundan ibarətdir ki, hətta faktları dəqiq bilməsən belə, bu, UEFA-ya həmin şəxsi danışılmış oyunda ittiham etməyə və cəzalandırmağa əsas verir".

Futbolçuların 80.2 maddəsi ilə futboldan ömürlük kənarlaşdırılmalarını xatırladan Haqverdiyev həmin maddənin İntizam Məcəlləsindən olduğunu söyləyib:

"Həmin futbolçular məhz hansısa oyunun nəticəsini manipulyasiya etməkdə ittiham olunurlar. Bu halda cəza 2 ilədək və ya ömürlük futboldan kənarlaşdırma olur.

Yəni, burada mərcdən söhbət getmir. Lakin idman yarışlarının nəticələrinin manipulyasiyası ilə bağlı cinayət məcəlləsində də ayrıca norma var. Orada da demək olar ki, oxşar anlayışdır".

Hüquqşünasın sözlərinə görə, futbolçular 15 gün ərzində AFFA-nın Apellyasiya Arbitraj Tribunalına şikayət verə bilərlər:

"Qərar qüvvədə qalsa, onların müraciət edə biləcəyi sonuncu instansiya İdman Arbitraj Məhkəməsidir".

Digər Xəbərlər
Xəbər Lenti