«Premyer Liqada iştirak etmək fikrindən daşınmamışıq, bu haqda yayılan xəbərlər dezinformasiyadır».
Bu sözləri Sportinfo.az-a açıqlamasında Naxçıvan Futbol Federasiyasının (NFF) sədr müavini Sakit Rzayev deyib.
O bildirib ki, I Divizionda mübarizə aparan «Araz Naxçıvan» gələn mövsüm elitada qüvvəsini sınamaq fikrindədir və NFF bundan irəli gələn təşkilati məsələləri tənzimləməklə məşğuldur:
«Yaxınlarda AFFA-nın Lisenziyalaşdırma Qrupunun nümayəndələri Muxtar Respublikada oldu. Üç gün burada qaldılar, görülən işlərlə yerində tanış oldular, stadiona baxışa keçirdilər.
Klubun vəziyyətini, rəhbərlik tərəfindən ona yaradılmış şəraiti gördülər.
«Araz Naxçıvan» Divizionda uğurla çıxış edir. Komandamız hazırda turnir cədvəlinin lideridir.
Əminik ki, bu çıxış qış fasiləsindən sonra da davam edəcək. Heyət daha da gücləndiriləcək və məşqçi korpusu çalışacaq ki, qarşıya qoyulan məqsədi vaxtından əvvəl yerinə yetirsin.
Biz də yerli federasiya olaraq, «Araz Naxçıvan»a əlimizdən gələn köməkliyi göstəririk. AFFA-nın Premyer Liqada iştirakla bağlı irəli sürdüyü tələblərlə tanışıq.
Söhbət 6 meyarın yerinə yetirilməsindən gedir. «Sosial məsuliyyət» adlanan yeni müddəa da var, o da diqqətimizdədir.
Federasiyamız hər bir meyarın icrası üçün nümayəndə ayırıb. Yəni, hər bir meyarın yerinə yetirilməsinə ayrı-ayrılıqda 6 şəxs məsuldur.
Mart-aprel aylarına kimi bu işi tamamlamağı planlaşdırmışıq. Hər halda AFFA həmin tarixədək bütün klublara vaxt verib.
indi «Araz Naxçıvan»la əlaqəli o qədər yanlış xəbərlər yayılır ki… Bunların hamısına cavab vermək istəmirik.
İşimiz çox, vaxtımız azdır. Nədənsə narahat olmağa dəyməz.
Federasiya rəhbərliyi öz işinin başındadır və futbolun inkişafı naminə çalışır. Gündəlik işlər federasiyanın sədri Vüqar Abbasovun nəzarətindədir».

