24 yaşında parlayan dünya ulduzu və 21 yaşında "veteran" statusu alan azərbaycanlılar

15 Dekabr 2022 20:00 Araşdırma 1 021
24 yaşında parlayan dünya ulduzu və 21 yaşında "veteran" statusu alan azərbaycanlılar

Fransa millisinin Qətərdə keçirilən "DÇ-2022”də finala çıxmasında önəmli rolu olan futbolçulardan biri də Oliver Jirudur.

O, vurduğu 4 qolla həm bombardirlər cədvəlində yer alıb, həm də final yolunda önəmli simalardan birinə çevrilə bilib.

Fransalı forvardın karyerasına diqqət edərkən qarşılaşdığın faktlar təəccüb yaratmaya bilməz. Öncə diqqət edək:

21 yaş: Fransa III Liqası – “İstr”.

23 yaş: Fransa II Liqasının bombardiri – “Trua”.

24 yaş: Fransa Liqa 1-ə transfer oldu – “Monpelye”.

25 yaş: Fransa çempionu – “Monpelye”.

25 yaş: Fransa çempionatının bombardiri – “Monpelye”.

26 yaş: İngiltərə Premyer Liqasına transfer oldu – “Arsenal”.

31 yaş: Puşkaş mükafatını (İlin ən yaxşı qolu) qazandı – “Arsenal”.

32 yaş: Dünya çempionu oldu - Fransa millisi

32 yaş: Avropa Liqasının qalibi oldu – “Çelsi”.

34 yaş: Çempionlar Liqasının qalibi oldu – “Çelsi”.

35 yaş: İtaliya çempionu oldu – “Milan”.

36 yaş: Fransa millisi tarixinin ən çox qol vuran oyunçusu oldu.

Məşhur hücumçunun harda çempion olması, Fransa millisi ilə göstərdiyi əla nəticələr barədə danışmaq fikrim yoxdur.

Mənim diqqətimi çəkən ən önəmli məsələ belə bir futbolçunun 21 yaşında hələ üçüncü liqada çıxış etməsidir.

O, ölkəsinin yüksək liqasını isə 24 yaşında görə bilir. Deməli, parlaması üçün daha gənc yaşlarını yox, nisbətən orta yaş hesab olunacaq 24-ü gözləmək lazım gəlir.

36 yaşlı “qol maşını”nın karyerasın vərəqlədikcə, bir də yadıma ölkəmizdəki mənzərə düşür. Bizdə də futbol başbilənləri düşünür ki, 20 yaşı keçdinsə, ya ulduz olmalısan, ya da veteran.

Hər halda bir neçə il əvvəl Birinci Divizionda cəmi üç 21 yaşdan yuxarı oyunçuya start heyətində oynamaq icazəsinin verilməsinin başqa izahı yoxdur.

Bu səbəbdən yüzlərlə gənc futbolu atmalı oldu.

Premyer Liqada cəmi 8 klubun olduğu ölkə futbolunda həmin gənclərin oynaması, inkişafı üçün yeganə meydan Birinci Divizion idi. Ki, oranın da qapısı onların üzünə bağlandı. Bir futbol nəsli məhv edildi.

Uzun müddət qərar ciddi tənqid olundu. Yalnız bundan sonra mənasız qadağa aradan götürüldü. O da nisbətən yüngülləşdirilməklə.

Bu gün də ikinci liqada klublar start heyətində maksimum yaşı 20 olan 5 nəfəri mütləq oynatmalıdır. Belədə yenə yaşı 21 və daha çox yaşı olan çox sayda futbolçu kənarda qalmalı olur.

Heç olmasa, Jiru kimi nümunələr rəsmi şəxslərə dərs olmalıdır ki, tutduqları yol yanlışdır.

İtirdiyimizi itirmişik, heç olmasa, bundan sonra qazanmalı olduqlarımızın üzərindən xətt çəkməyək. Əndərabadi qərarlarınızla!

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti