"Qarabağ"ın rəqibi çətin durumda - Səbətdə birinci, qrupda sonuncu

22 Sentyabr 01:00 Araşdırma 355
"Qarabağ"ın rəqibi çətin durumda - Səbətdə birinci, qrupda sonuncu

Yunanıstan mətbuatında “Olimpiakos”un baş məşqçisi vəzifəsinə namizədlərlə bağlı müzakirələr davam etməkdədir.

Bu bazar günü Pirey təmsilçisi Karlos Korberanla yolları ayırdığını açıqlayıb.

39 yaşlı ispan mütəxəssisin Yunanıstan karyerası heç 2 ay çəkməyib. “Olimpiakos”un “Makkabi”yə (Hayfa) uduzduğu ÇL-in üçüncü təsnifat mərhələsindən sonra, avqustun 1-də yunan klubuna baş məşqçi təyin olunan Korberan sentyabrın 18-də istefaya göndərilib.

Buna komandanın həm yerli çempionatda, həm də Avropa Liqasında uğursuz çıxışları səbəb olub.

Bəli, komanda güclü heyətə malik olsa da, hazırda heç də yaxşı vəziyyətdə deyil: nə daxili çempionatda, nə də Avropada.

Məlum olduğu kimi, “Olimpiakos” Avroliqada “Qarabağ”la eyni qrupda yarışır. Yunanlar qrupdakı ilk iki oyunda “Nant”a Fransada 1:2, “Frayburq”a (Almaniya) isə öz meydanında 0:3 hesabı ilə uduzub və sonuncu yerdədir. Yunanıstan çempionatında isə komanda 5 oyundan 8 xalla 5-ci yeri tutur və lider “Panatinaikos”dan 7 xal geri qalır. Düzdür, hələ çox şey itirilməyib, amma indi vəziyyətin onlar üçün ürəkaçan olmadığı da bəllidir.

“Olimpiakos”un bu uğursuzluğu təəccüb doğurur. “Olimpiakos”un reytinqi yüksək olduğuna görə komanda Avroliqanın püşkatmasına birinci səbətdən qatılıb. Amma birinci səbətdəki komanda indi öz qrupunda, yuxarıda qeyd edildiyi kimi, axırıncı pillədədir. Klubun yeni mövsüm öncə həyata keçirdiyi səs-küylü transferlərin komandaya ciddi faydası hiss olunmur. Lakin o da unudulmamalıdır ki, onlar komandaya yeni qoşulub və mövsümün əvvəli olduğundan müəyyən ləngimələr qaçılmazdır.

Xames Rodriges

Məsələn Braziliya millisinin və “Real”ın sabiq müdafiəçisi Marselo hələ rəsmi debüt oyununa çıxmayıb. Digər supertransfer - Kolumsiya millisi, “Bavariya”, “Real” kimi superklublarda da oynamış Xames Rodrigesə gəlincə, o, sentyabrın 18-də “Aris”ə qarşı Yunanıstan superliqasının 5-ci turunda ilk dəfə “Olimpiakos”un heyətində yer alıb. 71-ci dəqiqədə oyuna daxil olan 31 yaşlı kolumbiyalı yarımmüdafiəçi yerli medianın yüksək qiymətinə layiq görülüb.

“Qarabağ”la oyunlar “Olimpiakos” üçün çox vacib matçlar olacaq. Ona görə də istənilən arxayınlaşma Ağdam klubuna ağır başa gələ bilər. Unutmayaq ki, Avroliqada mübarizəni davam etdirmək baxımından bu 2 oyundan ən azı birində yunanlara hökmən 3 xal lazımdır. Amma bu da pireylilər üçün asan olmayacaq. Çünki “Olimpiakos” hazırda yüksək formada olan “Qarabağ”a qarşı oynayacaq və Ağdam klubu hər iki görüşdə ən azı 4 xalı hədəf seçib.

Onu da qeyd etmək lazımdır ki, Marselo və Xamesdən başqa da “Olimpiakos”un heyətində bir neçə digər tanınmış oyunçu da yer alır: Tomas Vaslik, Konstantinos Manolas, Sokratis Papastathopuolos, Ousseynou Ba, Papa Sisse, Abdulbakar Kamara, Yousses Er Arabi və sair.

Loran Blan

Bəs, bu oyunçuları “Qarabağ”, eləcə də superliqa və Avroliqadakı oyunlara kim çıxaracaq?

Hazırda Yunanıstan mətbuatında Fransa millisinin və PSJ-nin sabiq baş məşqçisi Loran Blan əsas namizəd kimi göstərilir. Onun son klubu Qətərin “Ər-Rayan” komandası olub. Pirey təmsilçisinin 56 yaşlı mütəxəssisə 2+1 illik müqavilə təklif etdiyi iddia olunur. O, Qətərdə ilinə 3 milyon avro qazanıb.

sport24.gr saytı isə bildirir ki, baş məşqçi vəzifəsinə namizədlər sırasında başqa bir neçə tanınmış məşqçi də var. Bunlardan biri də “Barselona”nın sabiq çalışdırıcısı Kike Setyendir. “Srvena Zvezda”nın (Serbiya) sabiq baş məşqçisi Deyan Stankoviçin adı da namizədlər sırasında çəkilir. Lakin yerli medianın fikrincə, yekunda üstünlük Loran Blana veriləcək. Yeni baş məşqçinin adı isə tezliklə açıqlanmalıdır. Çünki qarşıdan həm “Qarabağ”, həm də yerli çempionatda vacib oyunlar gəlir. Vaxt isə çox azdır (qol.az).

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti