“Kəpəz”də qəfil yoxlamalar başlayıb.
SOCAR-dan göndərilən audit qrupu Gəncə klubunda maliyyə təftişinə başlayıb.
Neft şirkəti AFFA vasitəsilə qərb təmsilçisinə ayırdığı yardım paketinin istiqaməti üzrə xərclənib-xərclənməməsini araşdırır.
Böyük ehtimalla, “Kəpəz”dən onlara neqativ məlumatlar daxil olub. Ciddi şübhələr əmələ gəlməsəydi, yəqin ki, SOCAR və AFFA məsələyə belə həssaslıqla və operativ yanaşmazdı.
Araşdırma son 2 ilin sənədlərini əhatə edir. Heç şübhəsiz, cari mövsümün əvvəlinə aid mühasibatlıq hesabatları da incələnməyə alınıb.
3 ildən sonra Premyer Liqaya qayıdan “Kəpəz” bu yay xeyli sayda yerli və əcnəbi futbolçu transfer eləyib. Həmin oyunçulara ödənilən məbləğlər də SOCAR və AFFA-da şübhələr oyadıb.
“Kəpəz” bu kimi xoşagəlməz mənzərə ilə artıq bir dəfə tanış olub. 2017-ci ilin oktyabr-noyabr aylarında baş verən hadisələr hələ yaddaşlardan silinməyib.
Həmin vaxt üzə çıxan faktlar hər kəsi şok etmişdi. Məlum olnuşdu ki, AFFA tərəfindən kluba təhkim edilmiş şəxslər, o cümlədən, onlara yaxın digır fiqurlar külli miqdarda vəsaiti müxtəlif vasitələrlə mənimsəmişdi.
Görünür, SOCAR və federasiya bu olayın ikinci dəfə təkrarlanmasından ehtiyatlanır və tez-tələsik əl-ayağa düşüb.
SPORTİNFO.AZ

