Naxçıvan futbolunda hansı yeniliklər baş verir? - FOTOLAR

18 Avqust 2022 02:40 Araşdırma 927
Naxçıvan futbolunda hansı yeniliklər baş verir? - FOTOLAR

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində 2022-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələr mövzusunda iclas keçirilib.

Sportinfo.az xəbər verir ki, toplantını nazir Ramil Hacı açıb.

Bildirib ki, 16 iyul 2022-ci il tarixdə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında Gənclər və İdman Nazirliyinin qarşısına bir sıra mühüm vəzifələr qoyulub.

Vurğulanıb ki, nazirlik 2022-ci ilin I yarımili ərzində öz işini təsdiq olunmuş iş planına, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na əsasən qurub.

Bu istiqamətlər üzrə ilin birinci yarısında nazirlik tərəfindən gənclərlə iş və idman sahəsində 201 tədbir keçirilib ki, bunların 75-i gənclərlə iş, 126 isə bədən tərbiyəsi və idman sahəsini əhatə edib.

Ramil Hacı diqqətə çatdırıb ki, nazirlik altı ay ərzində yeniyetmə və gənclərin intellektual bilik və bacarıqlarının yüksəldilməsi, Vətənə sevgi, dövlətə sədaqət ruhunda tərbiyə olunması, tariximizin öyrənilməsi, təhlili və gələcək nəsillərə çatdırılması, qədim diyarımızın tanıdılmasında rollarının artırılması, yaradıcılıq potensiallarının inkişaf etdirilməsi və asudə vaxtın səmərəli təşkili məqsədilə bir sıra tədbirlər keçirib. Nazirliyin əməkdaşları “Könüllülərlə İş üzrə İdarəçilərin İnkişaf Proqramı”, Fransanın Strasburq şəhərində keçirilən “Gənclərin hüquqlara çıxışı” adlı təlimlər və Türkiyə Respublikasında keçirilən mütəxəssis mübadiləsi proqramında iştirak edib, 2 nəfər gəncin könüllü qismində Bakı şəhərində təşkil edilən V Etnoidman Forumunda, 1 nəfər könüllü gəncin Tovuz rayonunda keçirilən “Gənclərin davamlı inkişafı” layihəsi çərçivəsində “Bilikdən bacarığa” adlı təlimdə iştirakları təmin edilib. İlin birinci yarısında Azərbaycan Respublikası Gənclər və İdman naziri Fərid Qayıbovun Naxçıvan gəncləri ilə görüşü təşkil olunub, həmçinin Ağbulaq İstirahət Mərkəzində muxtar respublikanın rayonlarından olan fəal gənclərlə Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin görüşü keçirilib. Ağbulaq İstirahət Mərkəzində “Gənclərin Qış Məktəbi”, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyi üzvlərinin “Gənc liderlərin qış məktəbi”, 2022-ci ilin muxtar respublikada “Sənaye ili” elan edilməsi ilə əlaqədar gənclərin Plastik Məmulatlar Zavodu və “Naxçıvan Avtomobil Zavodu” MMC-yə ekskursiyası təşkil olunub.

Nazirlik tərəfindən muxtar respublikada bədən tərbiyəsi və idman sahəsində kütləviliyinin təmin edilməsi 2022-ci ilin I yarımilində də diqqət mərkəzində saxlanıldığını bildirən Ramil Hacı qeyd edib ki, idmançılarda vətənpərvərlik hisslərinin aşılanması və dünyagörüşünün formalaşdırılması məqsədilə muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının məşqçi-müəllim və idmançılarının muzeylərə ekskursiyaları təşkil olunub. Bu müddət ərzində futbol üzrə Naxçıvan Region Liqası II dövrə oyunları, “Coca-Cola Məktəbli Kuboku” turniri, aşağı yaş qrupları arasında futbol üzrə Naxçıvan Muxtar Respublika turniri keçirilib, “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun 55 illik yubileyi ilə bağlı “1 Uşaq -1 top” festivalı təşkil edilib. Bununla yanaşı, əlamətdar günlərin qeyd edilməsi məqsədilə futzal, boks, 18 yaşadək fiziki imkanları məhdud uşaqlar arasında stolüstü tennis, yeniyetmələr arasında cüdo, 10 yaşadək şahmatçılar arasında şahmat, atletikanın qaçış, nizəatma və nüvəitələmə idman növləri üzrə Naxçıvan Muxtar Respublika birincilikləri, həmçinin, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Beynəlxalq şahmat turniri, “Heydər Əliyev kuboku” uğrunda kros qaçışı, uşaq yeniyetmə və gənclər arasında karate, yeniyetmə və gənclər arasında kikboksinq, yeniyetmələr arasında sərbəst güləş, 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında boccia, yeniyetmə və gənclər arasında boks, peyntbol, ümumtəhsil məktəblərinin basketbol klubları arasında basketbol, kişilər arasında voleybol, yeniyetmə və gənclər arasında idman dırmanması, mini-futbol, Vətən müharibəsi iştirakçıları arasında stend atıcılığı, velosiped yarışı muxtar respublika birincilikləri təşkil edilib.

Nazir Ramil Hacı vurğulayıb ki, birinci yarımil ərzində idmançılarımızın ölkə və beynəlxalq səviyyəli yarışlarda iştirakı təmin edilib,

idmançılar ölkə səviyyəli yarışlarda 152, beynəlxalq turnirlərdə 26, Avropa çempionatında 30, dünya çempionatlarında 2 medal olmaqla, cəmi 210 medal qazanıblar. Qazanılan medallardan 84-ü qızıl, 43-ü gümüş və 83-ü bürüncdür.

Diqqətə çatdırılıb ki, cari ilin birinci yarısında əldə edilmiş uğurlar bundan sonra da davam etdirilməli, iyulun 16-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında verilmiş tapşırığa əsasən, Gənclər və İdman Nazirliyi gənclərin idmana marağının artırılması üçün layihələr hazırlamalı, ölkə və beynəlxalq səviyyəli idman yarışlarında muxtar respublikadan olan idmançıların iştirakını təmin etməli, idman federasiyaları ilə qarşılıqlı fəaliyyət artırılmalı, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrasını, həmçinin 2022-ci il ərzində də idman federasiyaları ilə birgə qarşıya qoyulmuş tələb və tapşırıqların lazımi səviyyədə həyata keçirilməsini özünün gələcək fəaliyyət istiqaməti kimi müəyyənləşdirməli, nöqsanların aradan qaldırılması üçün məqsədyönlü tədbirlər həyata keçirməlidir.

Sonra məruzə ətrafında Şahbuz Rayon Gənclər və idman idarəsinin rəisi Elvin Hüseynli, Culfa Rayon Gənclər və idman idarəsinin rəisi İsmayıl İmanovun çıxışları dinlənilib.

Sonda qərar layihəsi oxunub və təsdiq edilib.

Digər Xəbərlər
Xəbər Lenti