TƏHLÜKƏ: “Viktoriya” son 1 aydakı 7 oyunda elə hadisələrə imza atıb ki...

17 Avqust 2022 16:40 Araşdırma 849
TƏHLÜKƏ: “Viktoriya” son 1 aydakı 7 oyunda elə hadisələrə imza atıb ki...

Çempionlar Liqasının pley-offuna yüksələn “Qarabağ” qrup mərhələsinə vəsiqəni əldə etmək üçün “Viktoriya”nı mübarizədən kənarlaşdırmalıdır.

Məntiqlə, Polşa, İsveçrə və Macarıstan çempionlarını sıradan çıxaran “köhlən atlar” üçün Çexiya çempionatının son qalibinə də eyni aqibəti yaşatmaq çətin görünməməlidir.

Amma söhbət “Viktoriya”dan gedirsə, bir qədər diqqətli olmaq vacibdir.

Ona görə yox ki, bu komanda 6 il əvvəl “Qarabağ”ı iki oyunun nəticəsinə görə pley-offdan edib (0:0, 1:1). Heç ona görə də yox ki, komandalarımızın indiyə qədər Çexiya təmsilçiləri üzərində qələbəsi yoxdur.

Ağdamlılar üçün təhlükə saçan məqam “Viktoriya”nın cari mövsümdə kifayət qədər “dişli” təsir bağışlamasıdır.

Təsəvvür edin, iyulun 20-dən bu yana 4-ü Çempionlar Liqasında, 3-ü Çexiya çempionatında olmaqla ümumilikdə 7 oyuna çıxan “qırmızı-göylər” bu matçların heç birində məğlub olmayıb.

Məğlub olmamaqları bir tərəfə, ev və səfər qarşılaşmaların heç birində meydanı qolsuz tərk etməyib. “Viktoriya” hər oyunda ən pis halda 2 qol vurmağı. Son 4 görüşün hamısı 2:1 hesabı ilə “Qarabağ”ın rəqibinin xeyrinə başa çatıb.

Ümumi vəziyyət belədir:

HİK - “Viktoriya” 1:2

“Viktoriya” – HİK 5:0

“Tepliçe” – “Viktoriya” 2:2

“Şerif” – “Viktoriya” 1:2

“Viktoriya” – “Pardubiçe” 2:1

“Viktoriya” – “Şerif” 2:1

“Hradec Kralove” – “Viktoriya” 1:2

Cari mövsümdə bütün səfər qarşılaşmalarında qol vurub, oyunun ümumi nəticəsini “üst” gətirən “Viktoriya” ilə rəqib qapılarının torunu silkələməkdən yorulmayan “Qarabağ”ın duelinin maraqlı olacağına şübhə yoxdur.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti