“Kəpəz”in üstündə “xüsusi oyun”  və ya maraqlara qurban gedən gəncəlilər

5 Avqust 2022 16:40 Araşdırma 527
“Kəpəz”in üstündə “xüsusi oyun”  və ya maraqlara qurban gedən gəncəlilər

“Kəpəz”in növbəti Premyer Liqa mövsümünün açılış oyununu Gəncədə - doğma azarkeşlərinin gözləri önündə keçirə bilməməsi ürək ağrıdır.

Eyni zamanda ortaya bəzi suallar çıxarır ki, dərindən düşünəndə həm cavab tapa bilmirsən, həm də sanki kimlərinsə bilərəkdən iş qurduğunu düşünürsən.

Dərinə gedib boğulmağa gərək yoxdur. Əsas sualın cavabı tapılmalıdır ki, ideal ot örtüyünə sahib olan komanda ev matçını niyə 350 kilometr aralıda, Xəzər dənizinin sahilindəki Mərdəkanda keçirməlidir?

Tribunalar qəzalıdır? Fövqəladə Hallar Nazirliyi razılıq verməyib?

Okey.

Məgər belə durumda yeganə çıxış yolu “Dalğa Arena”ya sığınmaq idimi? Başqa çıxış yolları varkən, niyə ən sadə üsul?

Oyun azarkeşsiz keçirilə bilərdi. Guya Gəncədən Bakıya bir “ordu” gəncəli gələcək? Onsuz da “Kəpəz” “Dalğa Arena”da qonaq kimi görünəcək. Ev sahibi komanda uzun yol qət edib Bakıya gəlir, qonaq komanda uzaq başı yarım saat vaxt itirməklə paytaxtın bir qəsəbəsindən digərinə gedir.

Bu durumda Gəncə təmsilçisi yenə qonaq komanda rolunda olur axı. Amma oyun Nizami yurdunda, boş tribunaların qarşısında keçirilsəydi, “Zirə” 4-5 saatlıq səfərə çıxacaq, alışmadığı meydanda oynayacaq, istər-istəməz müəyyən çətinliklərlə qarşılaşacaqdı.

Deyək ki, FHN heç bir halda komandaların meydana çıxmasına icazə vermədi. Belədə oyunun Tovuzda baş tutmasına nail olmaq olmazdı? Onsuz, “Turan Tovuz” da AFFA-nındır, “Kəpəz” də, lap elə Tovuzda salınan örtük də.

“Zirə”ylə qarşılaşmanı Tovuza salmaqla həm bu rayonun futbol ictimaiyyətinə, həm də gəncəlilərə bayram yaşatmaq olardı. Amma istəmədilər, çalışmadılar. Kimlərinsə marağı buna mane oldu. Kimlərsə “oyun oynadı”.

İstənilən halda əziyyət çəkən “Kəpəz” və sevimli komandalarının Premyer Liqaya yüksəlməsini coşqu ilə qarşılayıb, indi dizlərinə döyən azarkeşlərdir.

HƏBİB / SPORTİNBFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti