“O, futbolun içindən çıxan bir insandır”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında menecer Erkin İbrahimov deyib.
O, Peşəkar Futbol Liqasının (PFL) yeni prezidenti Elxan Səmədov haqda sosial şəbəkədə yazdığı statusla diqqətləri yenidən öz üzərinə çəkib.
Belə ki, tanınmış futbol agenti PFL-in başına gətirilən şəxsi uzun müddətdir yaxından tanıdığını söyləyib və haqqında olduqca yüksək fikirlər yazıb.
Görəsən, E.İbrahimov futbol təsərrüfatındakı fəaliyyətindən nə gözləyir? Onu dinləyək:
“Elxan Səmədov daim futzal oynayıb. Yaratdıqları komanda Birinci və İkinci Liqada həmişə medallar uğrunda mübarizə aparıb.
Çevrəsi futbol adamlarından ibarətdir. Onunla bağlı illər əvvəl yayılmış bir şəkil yəqin yadınızdadır.
AFFA və klub rəhbərlərinin futbol oynadıqdan sonra çəkdirdikləri şəkili nəzərdə tuturam. Bax, Elxan Səmədovu orada görə bilərsiz.
O, futbolun problemlərindən xəbərdardır. Bir çox klub rəhbəri ilə dostdur. Elə bir adamdır ki, çox şeydən xəbəri var.
Ola bilsin, hələ dəhşətli dərəcədə işin içində deyil, amma əksər hadisələrdən, məlumatlardan xəbərdardır. Kimin kim olduğunu bilir.
Bu, çox vacibdir. İşin içində olandan sonra hər şeyi daha yaxşı biləcək. Vallah, bu yazıq Azərbaycan futbolu “zon”da “nadzor” işləyəndən tutmuş ta “İrəli” təşkilatının aparıcı üzcünə kimi çox adamı görüb.
Bunu da mütləq deməliyəm ki, Elxan Səmədovun insani keyfiyyətləri çox yüksəkdir. Mən, adətən, çox az insan haqda bu sözləri işlədərəm.
Öz içimizdən danışıram, onu istəməyən yoxdur. Bu, yüzdəyüz belədir. Elə səmimi adamdır ki…
Belə insanların heç düşmənləri də olmur. Onu, sadəcə, tanımaq lazımdır.
Səmədova PFL-də asan olmayacaq. Bir tərəfdən, məlumatlı şəxsdir, o yandan isə işin içində olmaq bir başqadır.
Zəmanət verə bilərəm ki, onun olduğu yerdə hansısa piş əməl, hansısa əliəyrilik, hansısa adamı qabağa çəkmək, hansısa adamı arxaya atmaq mümkün olası deyil.
PFL-in ötən illərdəki fəaliyyəti ərzində çox şeylər görmüşük. Çox müxtəlif “ssenarilər” görmüşük.
Elə insandır ki, dostu da olsa, qardaşı da olsa, hamıya eyni cür yanaşacaq. Bunu tam əminliklə söyləyirəm”.

