“Qarabağ” – “Ferentsvaroş” matçına təyinat alan hakimlərin adına aydınlıq gəlib.
UEFA-nın Hakimlər Komitəsi Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində komandalar arasında Bakıda baş tutacaq ilk qarşılaşmanı İsveçdən olan hakimlər briqadasına həvalə edib.
Meydanda yaşananlara baş hakim Andreas Ekberg nəzarət edəcək. Yan xətlərdə ona Mehmet Culum və Niklas Nevberq yardım edəcəksə, dördüncü hakim funksiyasını Adam Ladabek yerinə yetirəcək.
Avropanın ali futbol qurumu, nəhayət, “Qarabağ”ın oyununa təcrübəli hakim göndərməyi məqsədəuyğun sayıb.
Cari avrokubok mövsümündə Azərbaycan çempionunun görüşləri təcrübəsiz hakimlər üçün poliqona çevrilmişdisə, Ekberqi kifayət qədər nüfuzlu hakim hesab edə bilərik.
37 yaşlı referi 19 yaşında hakimliyə başlayıb ki, 24 yaşında İsveçin yüksək liqasında debüt edib. 25 yaşından, yəni 2010-cu ildən FİFA referisi statusuna malikdir.
Andreas avrokubokların final mərhələləri çərçivəsində “Vilyareal”, “Atletiko Madrid”, “Roma”, “Arsenal”, “Liverpul”, “Yuventus”, “Milan”, PSJ, “Monako” kimi Avropa nəhənglərinin iş başında olub. İndiyə qədər klub turnirlərində 51 qarşılaşmada baş hakim funksiyasını daşıyıb.
Milli komandalar səviyyəsində isə 34 dəfə meydanda əsas söz sahibi kimi görünüb. Lakin bu görüşlərin heç birində yolu Azərbaycan milliləri ilə kəsişməyib.
Amma “Qarabağ”lılara tanış simadır. Elə “Ferentsvaroş”a da. Lakin bu komandanın məşqçi və futbolçuları onu heç də düşərli hakim kimi qəbul etmir.
Ekberq 2018-ci ildə Bakıya səfər edib. “Qarabağ” Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda Respublika stadionunda BATE ilə qarşılaşanda isveçli hakim ədaləti qoruyub.
Ağdamlıların məhz onun idarəçiliyi ilə keçirilən qarşılaşmada Belarus çempionuna məğlub olub. Həmin komandadan 11 futbolçu, eləcə də məşqçilər heyəti tam tərkibdə bu gün də “Qarabağ”dadır.
“Ferentsvaroş”la yolu isə bundan 2 il sonra – 2020-ci ilin dekabrında kəsişib.
Macarlar Çempionlar Liqasının qrup mərhələsində “Yuventus”, “Barselona” və Kiyev “Dinamo”su ilə mübarizə aparanda, Andreas “Qarabağ”ın rəqibinin ukraynalılarla Kiyevdəki görüşünü idarə edib. 90 dəqiqənin tamamında sevinən tərəf “Dinamo” olub.
Göründüyü kimi, isveçli ədalət təmsilçisinin ayağı komandalardan heç birinə düşərli olmayıb.
Lakin ən vacibi odur ki, adam kifayət qədər təcrübəlidir və çiyinlərini oyunun yükünün altına verə biləcək gücə sahibdir.
HƏBİB / SPORTİNFO.AZ

