Frits Stuxlikin Hakimlər və Hakim-inspektorlar Komitəsindən göndərilməsinə bəlkə də ən çox sevinən Rəhim Həsənovdur.
Ötən ilə qədər Azərbaycan futbolunun bacarıqlı fit sahiblərindən sayılan 39 yaşlı referi məhz avstriyalı sədrlə yaşadığı qalmaqallar səbəbindən sevdiyi sənətdən uzaqlaşmaq məcburiyyətində qalmışdı.
Avtsriyalı funksionerin gedişindən sonra Rəhimin yenidən komitəyə qayıdacağı istisna olunmur.
Özü də saytımıza açıqlamasında təklif gözlədiyini, təklif olacağı halda şərtləri müzakirə edə biləcəyini söyləmişdi.
Maraqlıdır, Həsənov bundan sonrakı həyatını necə görür? Yenə yaşıl meydanda əsas söz sahibi olaraq, yoxsa kabinetdə?
Beynəlxalq dərəcəli hakim Sportinfo.az-a açıqlamasında hakimliyə qayıtmaq fikrində olmadığını söyləyib:
“Hakim kimi qayıtmağım çətin olar. 1 ildən çoxdur hakimlikdən uzaq düşmüşəm, fiziki hazırlığımda çatışmazlıqların olması normaldır.
Gərək azı 2-3 ay mütəmadi məşq edim ki, optimal forma yığım. Hətta gündə 1 yox, 2 dəfə məşq etməliyəm ki, Premyer Liqa səviyyəsi üçün tam hazır olum”.
Rəhim Həsənov hakimlik karyerasında Azərbaycan Premyer Liqasında 200-ə yaxın oyunu idarə edib. UEFA-nın bayrağı altında keçirilən yarışlarda meydanda əsas söz sahibi olduğu matçların sayı isə 30-dan artıqdır.

