Bakıda idman zalında başlayan, ölümlə bitən mübahisə - 19 yaşlı gəncin məhkəməsi

21 İyul 2021 20:40 Araşdırma 510
Bakıda idman zalında başlayan, ölümlə bitən mübahisə - 19 yaşlı gəncin məhkəməsi

Bakıda 22 yaşlı gənci qətlə yetirmək ittiham edilən 19 yaşlı Əli Abbasovun məhkəməsi başlayıb.

Sportinfo.az xəbər verir ki, Əli Abbasovun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutur.

Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə mərhumun anası iştirak edib. O, təqsirləndirilən şəxsə üzünü tutaraq övladını öldürməsinin səbəbini soruşub. Göz yaşlarını saxlaya bilməyən qadının halı pisləşib.

Qətl hadisəsi Xətai rayonunda baş verib. N.Tusi küçəsi 18 ünvanında yerləşən binanın qarşısında 1999-cu il təvəllüdlü Nəsibov Bəxtiyar Əli oğlu qətlə yetirilib.

Aparılmış ilkin araşdırmalarla Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Abbasov Əli Allahverdi oğlunun Bəxtiyar Nəsibovun döş qəfəsinin sol nahiyəsinə kəsici-deşici alətlə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Əli Abbasov hadisə yerindən qaçdıqdan sonra tutulub.

Məlumata görə, Əli Abbasovla mərhum arasındakı mübahisə idman zalında başlayıb və qətllə nəticələnib.

Digər Xəbərlər
Xəbər Lenti