Avrokubok iştirakçılarımız transfer bazarında nə ilə yadda qaldı?

14 İyul 2021 20:20 Araşdırma 843
Avrokubok iştirakçılarımız transfer bazarında nə ilə yadda qaldı?

Bu gün “Neftçi” Çempionlar Liqasının I təsnifat mərhələsində Tbilisi “Dinamo”su ilə cavab oyununa çıxacaq.

Sportinfo.az xəbər verir ki, gələn həftə isə Konfrans Liqasındakı klublarımız “Qarabağ”, “Keşlə” və “Sumqayıt” mövsümə start verəcək.

Ötən mövsümün mayda bitdiyini nəzərə alsaq, klublarımızın heyətlərinə əl gəzdirmək üçün artıq iki ay vaxtları olub. Bəs bu müddətdə avrokubok iştirakçılarımız transfer bazarında nə ilə yadda qalıblar?

“NEFTÇİ”
“Qarabağ”ın 7 illik çempionluq seriyasını qıran “Neftçi”də transferlə bağlı durum heç də ürəkaçan deyil. Ahmed Ahmedov, Rener Alves, Bruno Teluşi, Stiven Jozef-Monroz, Tallison Dias, Cabir Əmirli kimi futbolçuların yeni mövsümün planlarında olmadılarsa, Anton Krivotsyuk, Səlahət Ağayev və Keysuke Honda özü ayrılmaq qərarına gəldi. Çempion hələlik cəmi 3 transfer həyata keçirib ki, onlar, onsuz da, problemsiz olan yarımmüdafiə xəttinədir. Baş məşqçi Samir Abasovun dünənki mətbuat konfransında “qan ağlaması” əbəs yerə deyil. Çünki bu müdafiə xətti ilə heç ölkə çempionatında nəsə edə bilmərsən. Abasov 3-lü müdafiə sistemindən yararlandığı üçün əlində olan 3 mərkəz müdafiəçisinin hamısını mübarizəyə qoşur. Amma ehtiyatda onları əvəzləyəcək kimsə yoxdur. Müdafiənin sağ və sol cinahı isə yox dərəcəsindədir. Hələlik Harramiz Soareslə Yusuf Laval həm müdafiəçi, həm də vinger kimi oynamaqla problemi ört-basdır edirlər. Ancaq onların əsl işi bu deyil. “Neftçi”nin hücum xətti də azarkeşləri narahat etməyə bilməz. Hələlik Namiq Ələsgərov bu boşluğu doldurur. Ancaq komanda hesabda geri düşsə, ön xətti gücləndirəcək əlavə oyunçusu yoxdur. Bu üzdən “ağ-qaralar”ın bir yox, iki yox, ən azı 5 yeni oyunçuya ehtiyacı var.

“QARABAĞ”
Yeni yaradılan turnirdə mübarizə aparacaq “Qarabağ”da da heyətlə bağlı problemlər kifayət qədərdir. Ağdam təmsilçisində ən böyük axsaqlıq müdafiə xəttindədir. Bədavi Hüseynov uzun müddətə sıradan çıxsa da, onun boşluğu hələ doldurulmayıb. Baş məşqçi Qurban Qurbanov kapitan Maksim Medvedevi mərkəzə çəkməklə bunu sığortalayacağını istisna etməyib. Ancaq belədə də sağ cinah boşalır. Komandada Abbas Hüseynovdan başqa da cinah müdafiəçisi yoxdur. Bu üzdən “Qarabağ” təcili şəkildə həm mərkəzdəki oyunçu sayını artırmalı, həm də hər iki cinaha birbaşa heyətdə oynayacaq futbolçu almalıdır. Ağdamlıların bir qolçuya da mütləq ehtiyacı var. Mahir Emrelinin gedişindən sonra qol yükünü daşıyacaq bir nəfər gətirmək cəhdləri hələ ki, nəticə vermir. Musa Qurbanlının icarədən dönüşü və Ramil Şeydayevin yenidən kollektivə cəlb olunması da ön xətdəki problemin həlli üçün yetərli deyil. Üstəlik, nəzərə alaq ki, Kvabena Ovusu da hər an ayrıla bilər. Ağdamlılar yalnız qapı və yarımmüdafiə xəttindən arxayın ola bilərlər. Kadi Borqesin gəlişi orta sahədə seçim imkanını da artırıb.

“SUMQAYIT”
Premyer Liqanın bürünc mükafatçısı “Sumqayıt”ın yay fasiləsində zəiflədiyini demək olmaz. Amma güclənməyib də. “Kimyaçılar”dan ayrılanlardan yalnız Mehdi Cənnətov və Xəyal Nəcəfov əsas heyət üzvü idi. Amma baş məşqçi Ayxan Abbasov hələ ötən mövsümdən qapı xəttində Aydın Bayramova güvənə biləcəyini göstərib. Komandadan gedən digər oyunçular, onsuz da, ehtiyat qüvvə idi. Ancaq yeni gətirilən futbolçular da yalnız ehtiyatda oturacaq səviyyədədirlər. Etiraf edək ki, “Sumqayıt”ın gətirdiyi Yusif Nəbiyev, Tərlan Əhmədli, Roman Hüseynov, Xəzər Mahmudov və Eltun Turabov komandanı gücləndirəcək oyunçu deyil. Rəhbərlik heyətin özəyini qorusa da, orta sahəni gücləndirəcək bir futbolçu mütləq gətirilməlidir. Üstəlik, bəzi mövqelərdə rəqabət aparacaq ikinci oyunçu, demək olar ki, yoxdur. Bir sözlə, “Sumqayıt”ın hazırkı heyəti uzun marafon üçün yetərli deyil. Həmçinin Konfrans Liqasında da uğurlu çıxış etmək istəyən heyətini mütləq gücləndirməlidir.

“KEŞLƏ”
Avrokubok iştirakçıları arasında köklü dəyişikliyə gedən yeganə klub “Keşlə”dir. Azərbaycan kubokunun qalibi 9 nəfəri yola salıb, 5 yeni transfer reallaşdırıb. Gedənlərdən Vüsal İsgəndərli, Sezar Meza Kolli, Con Kamara, Silvio Rodriges və Yevgeni Koçuk əsas heyət üzvləri sayılırdı. Ancaq Sənan Qurbanovun gəlişindən sonra son üç oyunçu çox şans qazanmırdı. Rəhman Hacıyevin yenidən icarəyə götürülməsi, Merab Qiqaurinin transferi “Keşlə”nin yarımmüdafiəsinə “nəfəs” olacaq. Vinger probleminin Omar Qudiabi, Aldair Neto, Felipe Santos kimi futbolçularla həll edildiyi görünür. Amil Yunanov da hücum xətti üçün yaxşı alternativdir. Ancaq Meza Kollinin boşluğu hələ doldurulmayıb. Etiraf edək ki, bakılıların uğurlu nəticələrində paraqvaylı böyük rol oynayıb. “Keşlə” oyunu üzərinə götürəcək, komandaya liderlik edəcək bir pleymeyker mütləq gətirməlidir. Baş məşqçi bunun üçün İrandan baxışa gələcək Reza Kəriminin yolunu gözləyir. Ancaq baxış üçün gələn futbolçu Meza Kollini nə dərəcədə əvəz edə bilər? Bakı klubunun müdafiə xətti də alternativsizdir. Ehtiyat qüvvə sayılan Rail Məlikov, Ruslan Əmircanov, İlkin Qırtımov kimi futbolçular sadəcə, gün keçirmək üçün oradadırlar (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti