İki futbolçu Premyer Liqanın 2-ci turunu kənardan izləmək məcburiyyətində qalacaq.
“Sumqayıt”la “Qəbələ”nin kapitanları Səbuhi Abdullazadə və Asif Məmmədov meydana çıxmaqdan məhrumdur.
Səbuhi mövsümün açılış turunda keçirilən “Sumqayıt” – “Neftçi” qarşılaşmasında qırmızı vərəqə aldığı üçün İntizam Komitəsinin sərt üzünü görüb.
Lakin bir məsələ var ki, Abdullazadə meydanı tərk edəndən sonra dəhlizdəki qapının şüşəsini yumruqla sındıranda, şüşə parçaları ayağına tökülərək vətərlərini kəsib. Məhz bu səbəbdən təxminən yarım il yaşıl meydanlardan uzaq qalacaq.
Asifə gəlincə, “Qəbələ”nin ən yaşlı futbolçusu ötən mövsümün 31-ci turunda “Qarabağ”la oyunda aldığı ağır cəzanı başa vurmayıb. 4 oyunluq cəza çəkən Məmmədov üçün bu, sonuncu belə matçdır.
Avqustun 22-də “Qəbələ” – “Şəfa”, “Zirə” – “İmişli”, avqustun 23-də “Turan Tovuz” – “Şamaxı”, “Neftçi” – “Araz-Naxçıvan” oyunları baş tutacaq.
HƏBİB / SPORTİNFO.AZ
