
"Sabah" komandasının rəqibi olan Sloveniya "Tsele"sinin baş məşqçisi Albert Riera Azərbaycana ikinci dəfə səfər edəcək.
Sportinfo.az xəbər verir ki, ispaniyalının növbəti gəlişi 16 illik aradan sonra baş verəcək.
Riera ilk dəfə 9 iyun 2009-cu ildə İspaniya millisinin heyətində Bakıda Azərbaycan yığmasına qarşı yoldaşlıq görüşündə iştirak edib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş qarşılaşma rəqib komandanın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 6:0. Riera 67-ci dəqiqədə 4-cü qolun müəllifi olub.
Həmin qarşılaşmadan sonra İspaniya millisi CAR-da keçirilən FIFA Konfederasiyalar Kubokuna yollanıb və turniri bürünc medalla başa vurub. Bu, Rieranın İspaniya millisində yeganə beynəlxalq nailiyyəti olub.
Sonradan o, "Qalatasaray"ın heyətində 2 dəfə Türkiyə, "Olimpiakos"da isə Yunanıstan çempionu olub.
Rieranın Azərbaycana ikinci gəlişi baş məşqçi qismində gerçəkləşəcək. 43 yaşlı mütəxəssis iyulun 10-da "Bank Respublika Arena"da "Sabah"a qarşı Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda "Tsele" komandasının sükanı arxasında olacaq.
Baş məşqçidən fərqli olaraq, onun komandası Azərbaycana ilk dəfə səfər edəcək.
İki komanda arasında cavab görüşü iyulun 17-də keçiriləcək.