“Arsenal”ın və Fransa millisinin sabiq hücumçusu Tyerri Anri “Bayern”in vingeri Mikael Olisenin oyununu yüksək qiymətləndirib.
Fransalı futbolçu Çempionlar Liqasının 1/4 final mərhələsində “Real”la səfərdə keçirilən ilk oyunda (2:1) məhsuldar ötürmə ilə yadda qalıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Anri, Olisenin digərlərindən fərqli oyunçu olduğunu bildirib:
“Olise digərlərindən fərqli oyunçudur. Ona mikrofon veriləndə utancaq ola bilər, amma müəyyən bir düşüncə tərzinə, həyata bəlli bir baxış şəklinə malikdir.
Eynilə, oyuna yanaşması kimi. Topu qəbul edəndə az adamın görə biləcəyi şeyləri görür.
Oyuna fərqli yanaşır və daha çox gözləri deyil, beyni ilə baxır. Top qapıçının yanından keçəndə nə baş verə biləcəyini təsəvvür etməyə çalışır.
O, topu sürüşdürə bilir, hamımız bunu bacarırıq. Amma oyuna özünəməxsus şəkildə baxır. Buna görə də, insanlar bəzən onu meydandan kənarda başa düşmürlər.
Amma o, yaxşı, əla oğlandır. Meydandan kənarda çox danışmır, amma top ayağında olanda oyunu ilə çox şey deyir”.

