Dino Toppmölleri istefaya göndərən “Anytraxt” “Qarabağ”la Çempionlar Liqasının Liqa mərhələsində keçirəcəyi matça sabiq futbolçularının rəhbərliyi altında çıxacaq.
Sportinfo.az xəbər verir ki, bu barədə adıçəkilən ölkənin mətbuatı məlumat yayıb.
Bildirilib ki, U-19 komandasının çalışdırıcıları Aleks Mayer və Dennis Şmidt məşqçilər korpusunda olacaq. Onlar yanvarın 21-də Bakıda keçiriləcək oyunda komandanın başında yer alacaqlar.
Aleks Mayer “Qarabağ”a yad sima deyil. O, 2013-2014-cü illərdə “Ayntraxt”ın heyətində Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı çıxış edib.
Bakıda keçirilən matçda dublu ilə komandasına qələbə qazandıran hücumçu Almaniyadakı qarşılaşmada da ilk qolun müəllifi olmuşdu. Həmin görüşdə də frankfurtlular 2:1 hesablı qələbəyə sevinmişdi.
A.Mayer karyerasını bitirdikdən sonra məşqçiliyə başlayıb və 2025-ci ildən “Ayntraxt”ın U-19 komandasını çalışdırır.

