“Bayern”in idman direktoru Kristof Freund komandanın müdafiəçisi Dayo Upamekano ilə müqavilə danışıqlarının gedişatı barədə açıqlama verib.
Mətbuatda yayılan şayiələrə görə, Münhen klubu fransalı futbolçu ilə yeni sözləşmənin şərtlərində hələ də tam razılığa gələ bilməyib.
Onun müqaviləsinin müddəti isə 6 aya bitir.
Sportinfo.az “Bayern&Germany”-ə istinadən xəbər verir ki, klub rəsmisi, Upamekanonun son bir il yarım ərzində – Vensan Kompaninin (“Bayern”in baş məşqçisi) komandaya gəlişindən sonra dünya səviyyəli futbol nümayiş etdirdiyini bildirib:
“Upamekano son dövrlərdə yüksək səviyyədə çıxış edir. Belə bir futbolçu ilə müqavilənin müddətini uzatmaq bizim üçün çox vacibdir.
Danışıqlar yaxşı gedir. Onun 27 yaşı var, bu il 28 olacaq. Bu, futbolçu üçün ən ideal yaş dövrüdür.
Verəcəyi qərar onun növbəti 3–4 ili harada keçirəcəyini müəyyən edəcək. Hələ yekun razılıq əldə olunmayıb, amma danışıqlarda ciddi irəliləyiş var”.
Daha əvvəl Upamekano ilə PSJ, “Liverpul” və “Real”ın maraqlandığı iddia olunurdu.

