II Liqada çıxış edən «Quba» sosial şəbəkələrdən pul toplayır.
Bu barədə saytımıza komandanın üzvləri məlumat verib.
Redaksiyamızla əlaqə saxlayan futbolçular «Tiktok» üzərindən yerli ictimaiyyətə müraciət olunduğunu bildiriblər.
Onların sözlərinə görə, bu kimi çağırışlar nəticəsində müəyyən qədər vəsait toplanıb. Şimal təmsilçisi məhz həmin məbləğ hesabına çempionatın son iki turunda meydana çıxıb.
Oyunçuların dediyinə görə, qarşıdakı həftələrdə vəziyyətin düzəlməsi sual altındadır. Çünki yaxınlarda prezident postundan ayrılan Ayaz Abdullayev maddi dəstəyini tam dayandırıb.
O, kollektivlə maraqlansa, bəzi futbolçularla əlaqə saxlasa da, heç bir addım atmır. Çünki maliyyə imkanlarının tamamilə tükənməsi ilə bağlı daha əvvəl «votsap» qrupunda məlumat paylaşıb.
Abdullayev heç kimin ona köməklik göstərmədiyini, meydanda tək qaldığını, müflis olduğunu söyləyib.
Prezidentin vəzifəsindən getməsini açıqlamasından günlər keçsə də, Qubanın rəsmi dairələri və iş adamları yenə rayonun eyniadlı klubunun problemləri ilə maraqlanmır.
SPORTİNFO.AZ

