II Liqanın iştirakçılarından «Araz Saatlı»nın dağılmaq təhlükəsi ilə üzləşməsini xəbər vermişik.
Çempionatda ikinci mövsümünü keçirən aran təmsilçisi ciddi maliyyə böhranı yaşayır.
Digər iştirakçılardan fərqli olaraq, AFFA Saatlı komandasına maliyyə dəstəyini dayandırıb. Artıq 3 aydan çoxdur ki, federasiya kubun yardım paketini «dondurub».
Bu məbləğin hər ay üzrə 5800 manat olmasını nəzərə alsaq, «Araz»ın neçə vəziyyətlə qarşılaşmasını təsəvvür edərik.
Çünki göstərilən vəsait heç bir yerdən maddi dəstək almayan, sponsoru olmayan saatlılar üçün böyük puldur. «Araz» dekabr, yanvar və fevral ayının yardım paketini nə vaxt alacağını bilmir.
Problemin nədən qaynaqlanmasını artıq araşdırmışıq. Saytımıza məlum olub ki, bunun kökündə Asim İbrahimovun AFFA-ya şikayəti dayanır.
Ötən mövsümün gedişində komandanın sükanı arxasına keçmiş və 3 ay sonra istefaya göndərilmiş baş məşqçi klubdan federasiyaya müraciət edib.
O, «Araz-Saatlı»nın müqavilə öhdəliklərini yerinə yetirmədiyinə dair ərizə yazıb. Həmin ərizəyə görə, aranlılar İbrahimovla 2500 manat aylıq maaş şərtiylə 1,5 illik müqavilə imzalayıb.
MOİK-in sabiq çalışdırıcısı ona təzminat ödənilməsini tələb edib. Sənədləri araşdıran qurum adıçəkilən mütəxəssisi şikayətində haqlı çıxarıb.
Problemin həlli indi yalnız bir halda mümkündür - «Araz-Saatlı» həmin borcu bağlamalıdır. Əks halda, maliyyə «krant»ı heç vaxt açılmayacaq.
Saatlı komandası hazırda II Liqanın «zirzəmi»sindədir. 17 xala cəmi 5 xal toplaya bilmiş kollektiv turnir cədvəlinin son sırasına yuvarlanıb.
SPORTİNFO.AZ

