Bu gün Klublar Komitəsinin növbəti toplantısı keçiriləcək.
İclasda Premyer Liqaya aid bir neçə məsələ ilə yanaşı, «Dinamo»nun müraciəti də müzakirəyə çıxarılacaq.
Bu barədə Sportinfo.az-a II Liqa təmsilçisinin İdarə Heyətinin sədri Yaşar Seyidov bildirib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi klubun məqsədi «Qarabağ»ın Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmasına görə UEFA tərəfindən ayrılan vəsaitdən onlara da bir miqdar ayrılmasına nail olmaqdır:
«İnanıram ki, “Dinamo” olaraq həm Premyer Liqada, həm də Premyer Liqann Gənclər Liqalarında həmrəy olduğumuz kimi, Premyer Liqa komandaları da bizimlə həmrəy olacaq.
Nəzərinizə çatdırmaq istəyirik ki, «Karvan Yevlax»ın Azərbaycan Premyer Liqasının 2025/2026-cı il mövsümündə çıxış etməsi üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydalara (Maddə 20 -S.03) əsasən aşağı yaş qruplarından hər hansı 2 komandaya malik olmalı idi.
Lakin «Karvan»ın aşağı yaş qrupları üzrə komandaları olmadığı üçün “Dinamo” ilə əməkdaşlıq müqaviləsi bağlayıb.
Yevlax klubu bu əməkdaşlıq müqaviləsinə görə həmin meyarların tələblərini yerinə yetirərək, Premyer Liqada çıxış etmək üçün hüquq qazanıb. “
Dinamo” II Liqada çıxış etməsinə baxmayaraq Premyer Liqada mübarizə aparmaq istəyən kluba həmrəylik göstərərək, onunla əməkdaşlıq müqaviləsi bağlayıb.
“Dinamo” II Liqada çıxış etməsinə baxmayaraq, Premyer Liqa klublarıyla bərabər, gənclər liqasında bütün yaş qrupları ilə təmsil olunmaqla həmrəylik göstərir.
“Dinamo” Çempionlar Liqasından gələn həmrəylik vəsaitinin bir hissəsinin bizə verilməsi üçün AFFA, PFL, AFFA Lisenziya və Qeydiyyat Departamentinə və Klublar Komitəsinə müraciət edib.
Komitənin sədri Elçin Usubla bu barədə danışmışam, vəziyyətimizi izah etmişəm. O, çox savadlı insandır, hüquqşünasdır.
Bu kimi məsələləri gözəl bilir. Müraciətimizin məğzini öyrənən kimi söylədi ki, mən «Dinamo»nun təklifini müsbət qiymətləndirirəm və dəstəkləyirəm.
Sadəcə, bu məsələ əvvəlcə Klublar Komitəsinin iclasında müzakirəyə çıxarılmalıdır.
Premyer Liqanın nümayəndələri razılıq versə, məni sonrakı yığıncağa dəvət edəcəklər, orada istəyimiz barədə hamıya geniş məlumat verəcəm.
İnanıram ki, Klublar Komitəsi bizim bu müraciətimizi nəzərə alacaq, «Dinamo»nun uşaq futbolunun inkişafı üçün gördüyü işləri qiymətləndirəcək və köməklik göstərəcəklər».

