“Oyuna hədsiz motivasiya ilə çıxmışdıq. Bəlkə də buna görə təzyiq, həyəcan var idi”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Xankəndi”nin ən təcrübəli futbolçusu Nodar Məmmədov deyib.
II Liqanın 15-ci turunun mərkəzi qarşılaşmasında “Qaradağ-Lökbatan”ı qəbul edən “Xankəndi” ilk hissədə özünə bənzəmirdi.
Rəqib qapısına yaxınlaşmaqda çətinlik çəkən meydan sahibləri fasilədən sonra toparlanıb əsas rəqibi üzərində 2:1 hesablı qələbəni bayram etməklə turnir cədvəlinin vahid liderinə çevrildi.
Berti Foqtsun dönəmində Azərbaycan millisinin formasını geyinməyə imkan tapmış 37 yaşlı müdafiəçi qələbənin sirrini gozlətməyib:
“Fasilədən sonra meydanda tam fərqli “Xankəndi” var idi. Daha əzmkar və daha sürətli təsir bağışladıq.
Bunun əsas səbəbi məşqçilər heyətinin taktiki sxemdə etdiyi dəyişiklik idi. İkinci hissədə iki hücumçu ilə oynadıq ki, taktiki gediş özünü doğrultdu.
Üstəlik, yarımmüdafiədə çoxluq yaratdıq. Həm hücumlarımızın kəsəri artdı, həm də etdiyimiz təzyiqlərin nəticəsində “Qaradağ-Lökbatan”ın futbolçuları yoruldu, səhvlərə yol verdi”.
Bu oyuna qədər xalları eyni olan (39) komandaların duelində “Xankəndi”nin qalib gəlməsi Qarabağ bölgəsini təmsil edən komandanın çempionluq şansını xeyli artırdığını düşünmək olar.
Məmmədov fərqli fikirdədir. O, əsas rəqiblə matçdakı qələbəni sıradan 3 xal hesab edir:
“Çempionluq barədə danışmaq üçün tezdir. Düzdür, vacib qələbə qazandıq. Ancaq qarşıda bizi daha vacib matçlar gözləyir.Xüsusən “6-lıq” oyunlarında təzyiq bir az da artacaq. Komandaların əsl gücü onda bilinəcək.
Bu oyunda qələbə qazanmağımız bizə “6-lığ”a qədər xal üstünlüyü verdi, başqa heç nə.
Bundan sonra hər şey özümüzdən asılıdır
. Çətin səfər görüşlərimiz olacaq”.
HƏBİB

