İspaniyanın üçüncü liqa təmsilçisi "Kazaleqas" azərbaycanlı futbolçunu heyətinə qatıb.
Hüseyn Əhmədov karyerasını burada davam etdirəcək.
2007-ci il təvəllüdlü sağ cinah müdafiəçisi onlarla 1 illik müqaviləyə qol çəkib.
Əhmədov son olaraq II Liqa təmsilçisi olan "Dinamo"da çıxış edib. O, İsgəndər Cavadov adına Bakı Futbol Akademiyasının yetirməsidir.
19 yaşlı gənc 2023-cü ildən burada forma geyinib, həmçinin "Dinamo"nun heyətində U-16, U-17 və U-19 çempionatında özünü göstərib.
"Kazaleqas" III Liqada 22 turdan sonra 12 xalla 18 komanda arasında 17-ci pillədədir. "Dinamo" yetirməsinin keçidinə görə ispanlardan heç bir təzminat tələb eləməyib.
"Dinamo"nun İdarə Heyətinin sədri Yaşar Seyidov bu transferlə bağlı Sportinfo.az-a açıqlama verib:
"Bu gün Azərbaycanda uşaq idmanının fiziki-mənəvi inkişafı bizim ücün əsas şərtdir. Xüsusilə gənclərdə idmana, futbola sevgi və marağın artması təkcə dövlətin deyil, bizim də üzərimizə böyük məsuliyyət düşür.
Heç kimin tanımadığı bu gəncləri Bakıdan, ətraf kənd və qəsəbələrdən öz komandamıza dəvət etməyə çalışırıq. Çünki Azərbaycan futboluna müəyyən tövhə vermək istəyirik.
Bildiyiniz kimi, hal-hazırda 300-ə qədər yeniyetmə və gənc İsgəndər Cavadov adına Bakı Futbol Akademiyasında və “Dinamo”da futbolun sirlərini öyrənir.
Kiçik maliyyə ilə böyük işlər görməyə çalışırıq. Əgər müəyyən maliyye dəstəyi olarsa, burada Hüseyn kimi onlarla futbolçu yetişdirib, Avropanın aparıcı klublarına transfer etmək olar.
Düşünürəm ki, Azərbaycanda futbolu sevən iş adamları klubumuza dəstək verərək, bu işləri daha yüksək səviyyədə həyata keçirməyimizə kömək olacaq“
.Azərbaycanda potensialı olan uşaqlar var, onları düzgün istiqamətləndirmək, inkişaf etdirmək ücün sistemli işlər görmək lazımdır. İnanıram ki, daha gözəl işlər hələ qabaqdadır“.


