Növbəti mövsümdə II Liqada yarışacaq klublara ayrılacaq yardım paketinin artırılması gözlənilir.
Saytımız bu barədə məlumatı AFFA-dan əldə edib.
Redaksiyamıza verilən informasiyaya görə, həmin məbləğin indiki ilə müqayisədə iki-üç dəfə çoxaldıması nəzərdən keçirilir.
Məsələ hələ müzakirə səviyyəsindədir, müvafiq qərar isə İcraiyyə Komitəsinin qarşıdakı iclaslarından birində çıxarılacaq.
Hazırda bu liqada 12 komanda mübarizə aparır. Ötən iki mövsümdə aylıq maliyyə dəstəyi 5000 manat təşkil edirdisə, cari «futbol ili»ndən etibarən bu rəqəm 5800 manata qaldırılıb.
Ancaq gələn mövsümdən bəzi yeniliklər tətbiq ediləcək ki, buna da kifayət qədər ciddi yanaşmaq lazım gələcək.
Federasiya indiyədək yarımhəvəskar səviyyədə fəaliyyət göstərən klubları lisenziyalaşdırma prosesinə cəlb etməyi planlaşdırır.
Burada bir neçə meyar əsas götürüləcək. Məqsəd iştirakçıları həvəskar yanaşmadan professionallığa keçirməkdir.
Odur ki, bəzi yarışmaçıların II Liqanın sıralarını tərk eləməsi də istisna deyil. Onların yerini isə Region Liqasının təmsilçiləri tutacaq. Hansılar ki, maddi-texniki bazası yaxşıdır.
SPORTİNFO.AZ

