Rayon komandalarının Bakıya köçü davam edir.
Bu dəfə növbə «Araz-Saatlı»ya çatıb.
II Liqada mübarizə aparan kollektiv artıq paytaxtda məskunlaşıb. Şəhriyar Məmmədovun çalışdırdığı komanda bundan sonra Bakıda məşq keçəcək və yalnız ev oyunları zamanı təmsilçisi olduğu bölgəyə dönəcək.
Güman ki, bu qərar Saatlı Olimpiya Kompleksinin rəhbərliyi ilə klub arasında yaranmış problemlə əlaqədardır. Hansı ki, bu narahatlıq hələ ilyarım öncə yaranıb və görünür, hazırda da davam edir.
«Araz» 14 turdan sonra turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Aktivində cəmi 4 xal olan saatlılar ondan bir üst sıradakı «Ağstafa Gəncləri»ndən 5 xal geri qalır.
Əyalətdən paytaxta köç «ənənə»si bir neçə il mövcuddur.
Premyer Liqa nümayəndələrindən «Turan Tovuz» və «İmişli» gündəlik hazırlıq proseslərini Bakıda keçirir. I Liqa mənsublarından «Quba» və «Xankəndi» də bura sığınıb.
SPORTİNFO.AZ

