II Liqada çıxış edən «Quba»nın rəhbərliyi buradan ayrılmaq istəyən futbolçulara şərt qoyub.
Bu maraqlı şərt nədir belə?
Onlar Elvin Həsənovun yanına yollana bilməzlər.
Kimdir o? Komandanın keçmiş baş məşqçisi.
Həsənov 1 ilə yaxın çalışdırdığı «Quba»nı ötən ilin sentyabrında tərk edib. Bu ayrılıq kifayət qədər qalmaqallı alınıb.
Gənc mütəxəssis rəhbərliklə arasında yaranan fikir ayrılığı üzündən buranı «Şəki Siti»yə dəyişib. Onun qərarının təsiri altına düşən 10-dan artıq oyunçu da düşərgədən gedib.
Məlum hadisə hələ də «Quba»lıların beynindən silinməyib. Ancaq bir problem də var - maliyyə. Klubun yuxarı başında əyləşən(lər) futbolçular qarşısında götürdüyü öhdəliyi yerinə yetirə bilmirlər.
Ödəmələr aylarla gecikməkdədir. Ona görə də ayrılmaq istəyənlər çoxdur.
Şimal təmsilçisi pulunu verə bilmədikləri üçün «ok» düyməsini basmağa razıdır - təki Elvin Həsənovun olduğu yerə üz tutmasınlar.
Kim «kişi sözü» verirsə, onların istəyi qiymətləndirilir.
SPORTİNFO.AZ

