“Heç kimə borcumuz yoxdur” - Onlar komandadan niyə uzaqlaşdırılıb?

16:30 II Divizion 225
“Heç kimə borcumuz yoxdur” - Onlar komandadan niyə uzaqlaşdırılıb?

“Bildirmək istəyirik ki, klubumuz hazırda heç bir maliyyə problemi ilə üzləşmir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Şirvan”ın baş meneceri Emin Məmmədov deyib.

II Liqada ilk mövsümünü keçirən «Şirvan»ın bir qrup futbolçusu redaksiyamızla əlaqə saxlayıb.

Onların bildirdiyinə görə, ilk dövrədən sonra kluba ayrılan vəsaitin miqdarı xeyli aşağı düşüb.

Belə ki, «Şirvan»a maddi dəstək verəcəklərini vəd edən bəzi iş adamları qeyri-sabit çıxışı bəhanə gətirərək, kənara çəkilib.

Nəticədə ödəmələrin əsas hissəsi dayandırılıb, oyunçulara vəd olunan pulun yalnız müəyyən faizi verilir. Buna etiraz edənlərə isə düşərgəni tərk etmək təklif olunur.

E.Məmmədov isə saytımıza bildirib ki, klubun oyunçular qarşısında hər hansı borc öhdəliyi yoxdur:

“Bu fakt istənilən futbolçu ilə birbaşa əlaqə saxlanılmaqla asanlıqla təsdiqlənə bilər. Yayılan məlumatda qeyd olunan oyunçularla yolların ayrılması məsələsi tamamilə idman prinsiplərinə əsaslanır.

Sözügedən iki futbolçu ilə əməkdaşlığın dayandırılması onların oyun göstəricilərinin klubun tələblərinə cavab verməməsi ilə bağlı olub və bunun maliyyə məsələləri ilə heç bir əlaqəsi yoxdur.

Həmçinin qeyd edək ki, klub rəhbərliyi tərəfindən futbolçulara qarşı hər hansı təzyiq, ödənişlərin dayandırılması və ya düşərgəni tərk etməklə bağlı iddialar əsassızdır və reallığı əks etdirmir.

“Şirvan” fəaliyyətini şəffaf, planlı və idman etikası çərçivəsində davam etdirir”.

Yarımpeşəkar statuslu çempionatda debüt edən şirvanlılar 14 tura 23 xal toplayıb. Qış fasiləsinə turnir cədvəlinin altıncı pilləsində yollanan kollektivin I Liqaya vəsiqə qazanmaq şansı real olaraq qalmayıb.

Onlar ilk iki pilləni bölüşdürən «Qaradağ Lökbatan»la «Xankəndi»dən 16 xal geri qalırlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti