II Liqada ilk mövsümünü keçirən «Şirvan» maliyyə problemi ilə üzləşib.
Bu barədə redaksiyamıza komandanın bir qrup futbolçusu məlumat verib.
Onların bildirdiyinə görə, ilk dövrədən sonra kluba ayrılan vəsaitin miqdarı xeyli aşağı düşüb.
Belə ki, «Şirvan»a maddi dəstək verəcəklərini vəd edən bəzi iş adamları qeyri-sabit çıxışı bəhanə gətirərək, kənara çəkilib.
Nəticədə ödəmələrin əsas hissəsi dayandırılıb, oyunçulara vəd olunan pulun yalnız müəyyən faizi verilir. Buna etiraz edənlərə isə düşərgəni tərk etmək təklif olunur.
Yarımpeşəkar statuslu çempionatda debüt edən şirvanlılar 14 tura 23 xal toplayıb. Qış fasiləsinə turnir cədvəlinin altıncı pilləsində yollanan kollektivin I Liqaya vəsiqə qazanmaq şansı real olaraq qalmayıb.
Onlar ilk iki pilləni bölüşdürən «Qaradağ Lökbatan»la «Xankəndi»dən 16 xal geri qalırlar.
SPORTİNFO.AZ

