İbrahim Uzunca ilə yollarını ayıran «Xankəndi»ni bundan sonra kimin çalışdıracağı bilinib.
Qarabağ təmsilçisi Vüqar Nadirovla anlaşıb.
O, minimum mövsümün sonunadək sükan arxasında qalacaq.
Sonra? Yeni baş məşqçinin işini davam etdirib-etdirməməsi nəticələrə bağılıdır.
Liqada ilk mövsümünü keçirən komandanı çempion edərsə, «Xankəndi» I Liqada növbəti «futbol ili»nə onunla başlayacaq.
II Liqa V.Nadirova yaxşı tanışdır. O, üç ildir elə buralarda «fırlanır».
2023-cü ildə «Hypers»lə ilk dəfə çempionatın ab-havasını duyan «Qarabağ»ın sabiq hücumçusu 2024-cü ilin noyabrında «Şəmkir»ə keçib.
Uğursuz nəticələrə görə ötən ilin oktyabrında oradan ayrılıb.
Ötən mövsümdən "Xankəndi"də çalışan İbrahim Uzunca isə bugünlərdə sükan arxasından uzaqlaşdırılıb. Türkiyəli mütəxəssisin postunu itirməsi nəticələrlə bağlı deyil.
14 tura 39 xal toplayan Qarabağ təmsilçisi «Qaradağ-Lökbatan»la birlikdə birinci-ikinci yeri bölüşdürür. Rəhbərlik bu qərarı futbolçuların istəyi ilə verib.
Belə ki, onlar Uzuncanın keçdiyi hazırlıq prosesindən narazılıq edib, üstəlik, nizam-intizam tədbirlərinə barmaqarası yanaşmasından şikayətlənib.
Odur ki, «Bakı»nın sabiq çalışdırıcısına klubda başqa işin tapşırılması gözlənilir. Güman ki, o, bundan sonra uşaq futbolunda fəaliyyət göstərəcək.
SPORTİNFO.AZ

