II Liqada mübarizə aparan “Sheki City”də vəziyyət biabırçı həddə çatıb.
Çempionatın startından bu yana maaş üzünə həsrət qalan futbolçular artıq məşq etməyə stadion tapmır.
Klub rəhbərliyi (sponsor) üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmir. Nəticədə “Rekord Arena”nın qapıları iki həftəyə yaxındır komandanın üzünə bağlanıb.
Səbəb icarə haqqının ödənilməməsidir. İcarə pulu ödənəcəyi halda məşqlərə icazə veriləcək.
Çarəsiz durumda qalan futbolçular bu gün Peşəkar Futbol Liqasının yerləşdiyi binaya üz tutub.
Oyunçular üzləşdikləri vəziyyətlə bağlı PFL rəsmilərini məlumatlandırıb, çempionatın təşkilinə və keçirilməsinə cavabdehlik daşıyan qurumdan kömək istəyiblər.
Problemləri qısa zamanda həll olunmayacağı təqdirdə isə qarşıdakı oyunlara çıxmayacaqlarını bildiriblər.
PFL-dən onlara səbrli olmaq məsləhət görülüb. Deyilib ki, bir neçə gün dözməklə maaş və məşq istəklərinə çatacaqlar.
Oyunları boykot etsələr, alacaqları puldan olacaqlar. Ona görə də dözmək lazımdır.
Bir sözlə, “Sheki City”də sentyabrda başlayan xaos hələ də davam edir.
HƏBİB / SPORİTNFO.AZ

