II Liqanın iştirakçılarından «Şəmkir»də yeni baş məşqçi təyinatı gerçəkləşdirilib.
Oktyabrda vəzifəsindən uzaqlaşdırılan Vüqar Nadirovun yerinə Rasim Əliyev gətirilib.
Bir neçə il qabaq «Turan Tovuz»u çalışdırmış mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb. Onun qarşısına komandanı ilk «altılığ»a daşımaq məqsədi qoyulub.
Hələlik yalnız 10 tur arxada qalıb.
«Qırmızı-ağlar» geridə qalan həftələr ərzində 6 qalibiyyət əldə edib, 4 dəfə meydandan məğlub ayrılıb. Bu göstərici qərb təmsilçisini turnir cədvəlinin 5-ci pilləsində saxlayıb.
«Altılıq» mərhələsi isə ikinci dövrədən sonra start götürəcək. «Şəmkir» I Liqaya vəsiqə uğrunda mübarizə aparmaq istəyirsə, ən azı indiki mövqeyini qorumalıdır.
Ötən 1 ayda komandanı Kamran İsmayılov çalışdırıb. Şəmkirlilər onun başçılığı altında 1 yenilgi üzü görüb, 3 qələbəyə sevinib.
Nadirovun keçmiş köməkçisi nəticə baxımından özünü yaxşı tərəfdən göstərsə də, klubun yeni rəhbərliyi təcrübə amilini nəzərə alaraq, Rasim Əliyev sükan arxasına əyləşdirib.
SPORTİNFO.AZ

