“Şəmkir”in rəhbərliyində dəyişiklik baş verib.
Klubun yeni rəhbəri və əsas idarəedici şəxs vəzifəsinə Adil Əliyev təyin olunub.
Yeni rəhbərliyin məqsədi komandanın idarəetmə strukturunu gücləndirmək, bölgə futbolunun inkişafına töhfə vermək və “Şəmkir”i daha yüksək hədəflərə doğru aparmaqdır.
Adil Əliyev uzun illər hüquq-mühafizə orqanlarında çalışıb, yüksək postlar tutub. Hazırda sərəncamdadır.
Qərb bölgəsində böyük nüfuz sahibi olan A.Əliyev indi iş adamı kimi fəaliyyət göstərir. Şəmkir, Gəncə və ətraf rayonlarda özünün biznes strukturunu qurub.
O, ötən ildən «Şəmkir»ə maliyyə dəstəyi göstərir. Baxmayaraq ki, adı son günlərə kimi mediada səsləndirilməyib.
A.Əliyevin təşkilatçılığı və vasitəçiliyi ilə yerli sahibkarlar kluba yaxın gəlib, ona vəsait ayırıb. Çünki özü də futbola böyük məbləğ sərf edib.
Bu dəyişiklik zərurətdən irəli gəlib. “Şəmkir” II Liqada 12 xalla turnir cədvəlində 6-cı pillədə qərarlaşıb və bu nəticə ciddi narahatlıq yaradıb.
Səkkiz tura qeydə alınan göstəricilər bəzi şəxslərin klubun arxasından çəkilməsinə rəvac verib. Odur ki, komandanın saxlanılmasında problem yaranıb - əməkhaqlarının ödənilməsində çətinlik müşahidə olunur.
Bir misal – bu gün noyabrın 15-idir, hələ futbolçulardan oktyabr ayının maaşını ala bilməyənlər var.
II Liqada üçüncü mövsümünü keçirən «Şəmkir»ə dünənə kimi Vüsal Məmmədov rəhbərlik edib.
Vaxtilə ağ-qırmızı formanı geyinmiş keçmiş futbolçu artıq bu sıxıntıları aradan qaldırmaq gücündə deyil. demək olar tam tükənib.
Adil Əliyevin təyinatının rəsmiləşməsi ilə «Şəmkir»in həyatında yenidən canlanmanın yaranması gözlənilir.
Rayonun tanınan iş adamlarını, həmçinin Rusiyada bizneslə məşğul olan şəmkirliləri klub ətrafında birləşdirməsi gündəmdədir. Hər halda o, bunun üçün çalışacaq.
«Şəmkir» ölkənin titulu klublarından biridir. Qərb təmsilçisi vaxtilə 3 dəfə çempionluq əldə edib, müxtəlif əyarlı medalları qazanıb.
SPORTİNFO.AZ

