AFFA İntizam Komitəsi II Liqada mübarizə aparan "Ağdaş"ın baş məşqçisi Ruslan Hüseynovu növbəti dəfə cəzalandırıb
Sportinfo.az xəbər verir ki, komitənin iclasında baş məşqçinin 5 oyunluq diskvalifikasiya edilməsinə qərar verilib.
O, 2-ci liqanın 8-ci turunda "Xankəndi" ilə oyunda hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb və bu hərəkətinə görə 5 oyunluq cəza ilə üzləşib. "Ağdaş" klubu isə 1000 manat cərimə edilib.
Ruslan Hüseynov oktyabr ayında Azərbaycan kubokunun 1-ci təsnifat mərhələsində "Qaradağ-Lökbatan"la keçirilən görüşdə də eyni səbəbdən 4 oyunluq cəzalandırılmışdı.
O, aprel ayında 2-ci liqanın "Kür-Araz"la matçında da hakimləri təhqir edib və buna görə 5 oyunluq diskvalifikasiya edilib.
"Ağdaş" 8 turdan sonra 2-ci liqada 10 xalla 12 komanda arasında 10-cu pillədə qərarlaşıb.

