 
            Futbolun İnkişaf Fondu (FİF) II Liqada mübarizə aparan «Şəki Siti»yə vaxt verib.
AFFA-nın nəzdində fəaliyyət göstərən qurum əyalət klubunun yeni himayədarına 6 aylıq sınaq müddəti tanıyıb.
Əgər sponsor bu zaman kəsiyində rayon təmsilçisini normal maliyyələşdirə bilsə, onlarla işbirliyi davam etdiriləcək. Əks halda isə «Şəki Siti»nin idarəçiliyindən uzaqlaşdırılacaqlar.
Yarmpeşəkar liqada çempionluq uğrunda yarışan «Şəki Siti» hələlik qeyri-sabit nəticələr göstərir.
Mövsümə Bəhmən Həsənovla başlayan komandanı bir müddət əvvəl Elvin Həsənov əvəzləyib. Altı tura 12 xal toplayan kollektiv turnir cədvəlinin 5-ci pilləsində məskunlaşıb.
Klub 3 aydır himayədarını dəyişib. Bu arada kifayət qədər hadisə baş verib.
Rəsmilərdən «Şəki»ni tərk edənlər var. Həmçinin futbolçular şəraitdən şikayətçidir.
Onlar dəfələrlə redaksiyamızla əlaqə saxlayaraq, maliyyə öhdəliklərinin lazımı səviyyədə yerinə yetirilmədiyini, təşkilati işlərin vəd olunan səviyyədə görülmədiyini bildiriblər.
SPORTİNFO.AZ

 
                 
                 
                 
                 
                    
 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            