İmzanı atdı, çempionatın ən bahalı baş məşqçisi oldu - FOTO

09:40 II Divizion 990
İmzanı atdı, çempionatın ən bahalı baş məşqçisi oldu - FOTO

«Quba»dan qalmaqalla ayrılan Elvin Həsənov artıq rəsmən «Şəki»nin sükanı arxasına keçib.

Gənc mütəxəssis yeni klubu ilə 2026-cı ilin yayınadək qüvvədə qalacaq müqavilə imzalayıb.

Bu anlaşma onu II Liqanın ən ödənişli baş məşqçisi edib. Belə ki, əyalət təmsilçisi Həsənova aylıq 3500 manat əməkhaqqı verəcək.

Vaxtilə «Sabah»ın akademiyasında fəaliyyət göstərmiş çalışdırıcı alacağı yüksək maaşın müqabilində üzərinə böyük məsuliyyət götürüb. O, «Şəki»ni çempion edəcəyini və I Liqaya yüksəldəcəyini vəd edib.

Həsənovdan öncə «Şəki»ni Bəhmən Həsənov çalışdırırdı. Sözügedən mütəxəssis ayyarım öncə sükanı arxasına keçdiyi komandanı tərk edib.

Vaxtilə beş dəfə «Rəvan»ı çalışdırmasıyla tarixə düşmüş mütəxəssis öz istəyi ilə əyalət təmsilçisindən gedib.

Buna səbəb çempionatın son iki turunda qeydə alınan uğursuz nəticələrdir. Belə ki, «Şəki» ard-arda «Qaradağ Lökbatan»la «Xankəndi»yə uduzub - 2:3 və 0:1.

Dörd tur ərzində 7 xal toplayan kollektiv hazırda turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.

«Şəki»nin üzüaşağı getməsinin iki səbəbi varsa, biri yeni rəhbərliyin üzərinə götürdüyü maliyyə öhdəliklərini yerinə yetirməyə çətinlik çəkməsidirsə, digəri baş məşqçi ilə futbolçular arasında yaranan konfliktdir.

«Şəki» avqustda yeni himayədarın çətiri altına keçib. «Xudat» üçün futbol sektoruna gələn sponsor bu komandanın heyətini büsbütün «Şəki»yə köçürüb.

Çünki Peşəkar Futbol Liqası ötən mövsüm II Liqada mübarizə aparmış «Xudat»ın II Liqada iştirakına icazə verməyib. Xaricdə yaşayan iş adamı «Xudat»ı «Şəki»yə çevirsə də, maddi sıxıntılar özünü tez göstərib.

Böyük vədlərlə düşərgəyə cəlb olunmuş oyunçular gözlədikləri məvacibi ala bilməyib.

Üstəlik, Bəhmən Həsənovla onların münasibətlərində də gərginlik yaranıb. Komanda üzvləri baş məşqçinin sərt yanaşmasına etiraz bildirib.

Narazılıq dalğası isə son həftələrdə özünü hzəm oyunlarda, həm də nəticələrdə göstərib.

SPORTİNFO.AZ

İmzanı atdı, çempionatın ən bahalı baş məşqçisi oldu

Digər Xəbərlər
Xəbər Lenti