
II Liqanın ən imkanlı klublarından «Şəki» baş məşqçisi ilə yollarını ayırıb.
Bəhmən Həsənov ayyarım öncə sükanı arxasına keçdiyi komandanı tərk edib.
Vaxtilə beş dəfə «Rəvan»ı çalışdırmasıyla tarixə düşmüş mütəxəssis öz istəyi ilə əyalət təmsilçisindən gedib.
Buna səbəb çempionatın son iki turunda qeydə alınan uğursuz nəticələrdir. Belə ki, «Şəki» ard-arda «Qaradağ Lökbatan»la «Xankəndi»yə uduzub - 2:3 və 0:1.
Dörd tur ərzində 7 xal toplayan kollektiv hazırda turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.
«Şəki»nin üzüaşağı getməsinin iki səbəbi varsa, biri yeni rəhbərliyin üzərinə götürdüyü maliyyə öhdəliklərini yerinə yetirməyə çətinlik çəkməsidirsə, digəri baş məşqçi ilə futbolçular arasında yaranan konfliktdir.
«Şəki» avqustda yeni himayədarın çətiri altına keçib. «Xudat» üçün futbol sektoruna gələn sponsor bu komandanın heyətini büsbütün «Şəki»yə köçürüb.
Çünki Peşəkar Futbol Liqası ötən mövsüm II Liqada mübarizə aparmış «Xudat»ın II Liqada iştirakına icazə verməyib. Xaricdə yaşayan iş adamı «Xudat»ı «Şəki»yə çevirsə də, maddi sıxıntılar özünü tez göstərib.
Böyük vədlərlə düşərgəyə cəlb olunmuş oyunçular gözlədikləri məvacibi ala bilməyib.
Üstəlik, Bəhmən Həsənovla onların münasibətlərində də gərginlik yaranıb. Komanda üzvləri baş məşqçinin sərt yanaşmasına etiraz bildirib.
Narazılıq dalğası isə son həftələrdə özünü hzəm oyunlarda, həm də nəticələrdə göstərib.
SPORTİNFO.AZ