
“Biz II Liqaya maraq göstərən bütün Region Liqası klublarına təşəkkür edirik”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov deyib.
II Liqada növbəti mövsüm sentyabrın 6-da start götürəcək. Əvvəlki iki sezondan fərqli olaraq, çempionat 14 deyil, 12 komandanın iştirakı keçiriləcək.
Bu dəfə iki dövrəli sistem tətbiq olunacaq. 22 turdan sonra “altılıq” sistemi işə düşəcək. İştirakçılar turnir cədvəlində tutduqları mövqeyə uyğun iki qrupa bölünəcək.
PFL mənsubu yarışa marağın bötük olduğunu bildirib:
“Ümumilikdə, 10-a yaxın klubdan müraciət daxil olmuşdu və onların hər biri ilə görüşlər keçirildi. Bu klubların arasında ötən mövsüm Region Liqasında mübarizə aparanlar da, aparmayanlar da var idi.
Bu, II Liqanın gələcəyinin bir növ, etibarlı əllərdə olduğunu deməyə əsas verir. Çünki kifayət qədər peşəkar yanaşmalar gördük.
Həmin klublar maddi-texniki təminat və digər məsələlərə görə “Ağstafa Gəncləri”ni üstələyirdilər. Lakin Peşəkar Futbol Liqası üçün idman psinsipləri prioritetdir.
“Ağstafa Gəncləri” komandası ötən mövsüm Region Liqasında 3-cü pillənin sahibi olub. Hesab edirik ki, idman prinsipləri baxımından da ən doğru qərar “Ağstafa Gəncləri”nin II Liqaya buraxılmasıdır”.